İctimai Televiziya hər gün Qış Olimpiya Oyunlarını 5 saat canlı yayımlayacaq

İctimai Televiziya hər gün Qış Olimpiya Oyunlarını 5 saat canlı yayımlayacaq
# 11 fevral 2010 14:09 (UTC +04:00)
Bakı - APA. “Qış Olimpiadasını hər gün saat 22:00-dan gecə 03:00-ə kimi canlı yayımlayacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında İctimai Televiziyanın (İTV) İnformasiya və Analitik Proqramlar Departamentinin əməkdaşı Tural Dadaşov deyib.

Sabah Kanadanın Vankuver şəhərində startı veriləcək Qış Olimpiya Oyunlarının ölkəmizdə eksklüziv yayım hüququ İTV-yə məxsusdur. Dadaşov yayım məsələsində saat fərqinə toxunub: “Bildiyiniz kimi, Kanada ilə ölkəmiz arasında 12 saatlıq fərq var. Bizdə gecə saat 03:00-dan sonra televiziyanın elə də izlənmədiyini nəzərə alaraq, həmin vaxt yayımlanması məqsədəuyğun deyil. Bu səbəbdən qərara aldıq ki, həmin vaxt gedən yarışların növbəti gün günorta saatlarında videoyazısını icmal şəklində verək”.

Sözsüz ki, hər idman növünün öz azarkeşi var. İTV-nin müxbiri hansının yayılmamasını tamaşaçılar arasında müəyyən qıcıq yarada biləcəyini gizlətmir: “Biz də bir neçə gündür öz anonslarımızda tamaşaçılara müraciət edərək, onların təklilərini verməsini istəmişik. Artıq aldığımız çoxsaylı məktublara əsasən deyə bilərəm ki, ən çox hokkeyin, xüsusilə, Rusiya ilə Kanada yığmalarının yayımlanmasını istəyirlər. Marağa görə 2-ci yerdə fiqurlu konkisürmə durur. Biz də azarkeşlərin istəyini nəzərə alıb, bu iki idman növünün yayımına üstünlük verəcəyik. Bildiyiniz kimi, yarışda ölkəmizi təmsil edən iki idmançımız dağ xizəksürməsi növündə çıxış edir. Təmsilçilərimizin çıxışını tam verəcəyik”.

Dadaşov Olimpiadanın açılış mərasiminin yayımı və yayım hüququna malik olduqları digər turnir – Avroliqa oyunları ilə bağlı məqamlara da aydınlıq gətirdi: “Budəfəki Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 12-dən 13-ə keçən gecə, yəni yerli vaxtla 18:00-da, bizim vaxtla səhər saat 06:00-da olacaq. Həmin tədbirin əhəmiyyətini nəzərə alaraq, canlı yayımlayacaq, sonra isə təkrarını verəcəyik. Fevralın 16-da, 18-də keçiriləcək Avroliqa oyunları Olimpiada ilə üst-üstə düşür. Futbolun daha çox maraq kəsb etdiyini nəzərə alaraq, həmin günlər canlı yayımlayacaq və bu, bitəndən sonra Olimpiadanı göstərəcəyik. Bu mötəbər turnirin yayımını alandan sonra turnirə akkreditasiyadan vaxtımız, imkanımız var idi. Ancaq yarışların elə buradan yayımlanmağı daha məqsədəuyğun sayıldı. Olimpiadada 4 şərhçimiz olacaq. Bu, mənimlə yanaşı, həmkarım Elman Himayətoğlu, habelə yeni cəlb olunan iki işçimizdir”.

Qeyd edək ki, İTV 2012-ci il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının da yayım hüququna malikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR