Elçin Cəfərov: “London-2012-yə qədər istirahətə, tətilə vaxtımız yoxdur”

Elçin Cəfərov: “London-2012-yə qədər istirahətə, tətilə vaxtımız yoxdur”
# 14 sentyabr 2010 12:14 (UTC +04:00)
Bakı - APA-Sport. Bu gün Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov məşqçi və idmançı heyəti ilə birgə Moskvada keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunun yunan-Roma güləşi zalında baş tutan mətbuat konfransında güləşçilərimizin mundialda çıxışı yüksək qiymətləndirilib.

Cəfərov bildirib ki, dünya çempionatında klassik güləşçilərimiz qazanılan 1 qızıl və 1 bürünc medal yığmamızın 3-cü olması ilə nəticələnib və bu uğur milli komandamızın Dünya kubokunda iştirakını təmin edib: “Bu il yunan-Roma güləşçilərimiz üçün gözəl nəticələrlə yadda qalıb. Yeniyetmələrdən, gənclərdən və böyüklərdən ibarət komandalarımız Avropa və dünya çempionatlarında uğurlu çıxışları ilə fərqləniblər. Son mundialda qazanılan 1 qızıl və 1 bürünc medal isə yığmamızın Belarusda keçiriləcək Dünya kubokunda iştirakını təmin edib. Qazanılan bu qələbələrdə Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və qayğısı mühüm rol oynayıb. Həmçinin federasiya prezidenti Fazil Məmmədov da hər gün komandanın vəziyyəti ilə maraqlanıb və uğurlu çıxış üçün bizə dəstək olub”.

Bu il beynəlxalq yarışların yekunlaşdığını deyən Cəfərov əsas məqsədlərinin London-2012-yə daha ciddi hazırlaşmaq olduğunu qeyd edib: “Biz ilin sonuna qədər bir neçə təlim-məşq toplanışı və yoxlama görüşləri nəzərdə tutmuşuq. Sınaq döyüşləri yeniyetmələrdən gənclərə və gənclərdən böyüklərə - keçid dövründə olan güləşçilər arasında olacaq. Dekabrda təşkil ediləcək ölkə çempionatından sonra yığma komandanın heyəti formalaşacaq. Bu komanda isə növbəti ildə ölkəmizi mötəbər yarışlarda təmsil edəcək. London Olimpiya Oyunlarına qısa müddət qaldığından bütün pəhləvanlarımız səylə çalışmalıdırlar. Çünki gələn il təşkil ediləcək dünya çempionatı Olimpiadaya lisenziya xarakteri daşıyacaq. Bunun üçün bizim istirahətə, tətilə vaxtımız yoxdur. Lisenziya yarışlarında uğurlu çıxış və bu uğuru London-2012-də davam etdirmək üçün ciddi hazırlaşacağıq”.

Daha sonra böyüklərdən ibarət komandanın baş məşqçisi Fərid Mansurov, gənclərdən ibarət yığmanın çalışdırıcısı Ağalar Aslanov və yeniyetmələrdən ibarət komandanın böyük məşqçisi İlqar Abdulov da 2010-cu ilin qələbələrlə dolu olduğunu bildirdilər. Onlar bu uğurlarda ölkə başçısı İlham Əliyev və Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun böyük pay sahibi olduğunu vurğuladılar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR