Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov: “BBC-nin yaydığı xəbər böhtandır”

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov: “BBC-nin yaydığı xəbər böhtandır”
# 25 sentyabr 2011 13:08 (UTC +04:00)
ABF rəhbəri BBC-nin Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Azərbaycan əleyhinə yaydığı xəbərləri böhtan adlandırıb: “AİBA-nın və ABF-nin əlində lazımi faktlar var ki, bunların söylədikləri böhtandan başqa bir şey deyil. Buna görə də boksçularımız dünya çempionatında daha yaxşı çalışıb sübut etməlidirlər ki, onların söylədiklərinin hamısı cəfəngiyatdır.

AİBA son illər ərzində korrupsiyaya qarşı ciddi tədbirlər görüb, şəffaflığın təmin olunması üçün böyük islahatlar aparılıb. Kiminsə kənardan onun imicinə ləkə yaxmağa gücü çatmaz. Onlar buna nə qədər çalışsalar da, gücləri çatmaz”.

K.Heydərov AİBA və bu təşkilatın prezidenti haqqında yalnız xoş sözlər deyə biləcəyini vurğulayıb: “AİBA-nın Bakıda keçirilən son Konqresində bütün ölkələrin nümayəndələri, o cümlədən İngiltərə Boks Federasiyasının təmsilçisi Beynəlxalq Boks Federasiyası haqqında müsbət fikirlər söylədi. Təəssüf ki, yerli müxalifət mətbuatı da hər dəfə xaricdən gələn böhtan xarakterli kampaniyaya qoşulur. Onlar Azərbaycanın heç bir uğuruna sevinmirlər. Nə vaxt xarici mətbuatda neqativ material oldu onlar da həmin yalanlara qoşulurlar.

Bir neçə gün qəzet səhifələrini doldurmaq üçün bundan istifadə edirlər. Yalanları üzə çıxanda isə məsuliyyətsizcəsinə susurlar. Amma bu həmişə belə davam etməyəcək. Onlar bu haqda ciddi düşünməlidirlər. Məsələ Azərbaycanın imicindən gedirsə, iqtidar-müxalifət söhbəti olmamalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR