Rusiya Bakının Olimpiadaya ev sahibliyi etməsini dəstəkləyəcək

Rusiya Bakının Olimpiadaya ev sahibliyi etməsini dəstəkləyəcək
# 20 oktyabr 2011 12:00 (UTC +04:00)
Bakı – APA. Rusiya Olimpiya Komitəsi (ROK) Bakının 2020-ci ildə Olimpiadaya ev sahibliyik etməklə bağlı namizədliyini dəstəkləyəcək. Apasport.az saytının məlumatına görə, paytaxtımızda keçirilən MDB və Baltikyanı ölkələrinin milli olimpiya komitələrinin regional forumunda iştirak edən ROK-un icraçı-direktoru Marat Bariyev bu gün jurnalistlərə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi ilə aktiv əməkdaşlıq edir, Olimpiadanı keçirmək istəyi ilə bağlı hər cür dəstək göstərməyə hazırdır: “Rusiya belə marafonlarda iştirak təcrübəsinə malikdir. Biz məsləhətlərə açığıq və Bakının Olimpiada-2020-ni keçirməyə hüququna yiyələnməsi üçün əlimizdən gələn köməyi göstərməyə hazırıq. Rusiya bir qonşu ölkə kimi bunda maraqlıdır. Hesab edirəm ki, Bakının təşkilatçılıq hüququnü əldə etmək şansı heç də pis deyil. Çünki Azərbaycanın paytaxtı həm iqtisadi, həm idman sahəsində dinamik inkişaf edir”.
Qeyd edək ki, 2020-ci ildə baş tutacaq Yay Olimpiya Oyunlarını keçirmək üçün Bakı ilə yanaşı, Madrid, Roma, Tokio, İstanbul və Dohada namizədliyini verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR