Bakıda mükafat fondu 156 min dollar olan yarış başlayır

Bakıda mükafat fondu 156 min dollar olan yarış başlayır
# 19 dekabr 2011 10:37 (UTC +04:00)
Bakı – APA. Dekabrın 29-dan 31-dək Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş atçılığın konkur növü üzrə “Həmrəylik Kuboku” adlı beynəlxalq turnir keçirəcək. Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Türkiyə və Qazaxıstan idmançıları iştirak edəcəklər.

Türkiyə və İran İslam Respublikasından dəvət olunmuş hakimlər heyətinin nəzarət edəcəyi turnirin ümumi mükafat fondu 156 min ABŞ dollarıdır. Kiçik və böyük turlardan ibarət olan və 3 gün davam edəcək yarışın sonunda Qran-Pri mərhələsi keçiriləcək. Kiçik turlarda maneələrin maksimum hündürlüyü 125 sm, böyük turlarda 145 sm, Qran-Pri mərhələsində isə 140-160 sm olacaq. Yarışların ilk 2 günü saat 12-də, Qran-Pri mərhələsi isə saat 16-da start götürəcək.

Turnirin nəticələrinə əsasən idmançıların topladığı xallar onların 2012-ci il London Olimpiya Oyunlarına, həmçinin Dünya Kuboku turnirinə vəsiqə qazanmasına böyük təsir göstərəcək.

Qeyd edək ki, 2012-ci il yanvarın 1-dən martın 1-nə kimi olan müddət Beynəlxalq Atçılıq Federasiyası tərəfindən “Lisenziya müddəti” kimi elan olunub. Bu günə olan nəticələrə əsasən Beynəlxalq Atçılıq Federasiyasının reytinq cədvəlində Azərbaycan çaparı Camal Rəhimov C qrupunda liderdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR