“BP-Azerbaijan” şirkəti London Olimpiadasında Azərbaycan idmançılarına dəstək verəcək

“BP-Azerbaijan” şirkəti London Olimpiadasında Azərbaycan idmançılarına dəstək verəcək
# 26 yanvar 2012 16:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın əsas neft-qaz müqavilələrinin operatoru olan «BP-Azerbaijan» şirkəti 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycan idmançılarına dəstək verəcək.

APA-Economics”in məlumatına görə, bu gün «BP-Azerbaijan» şirkəti, Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi arasında Olimpiya oyunlarına hazırlaşan Azərbaycan milli komandalarına və bir qrup seçilmiş idmançıya dəstək verilməsi barədə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqavilələrə əsasən «BP-Azerbaijan» şirkəti Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin “London 2012” Olimpiya oyunlarında rəsmi tərəfdaşı olacaq.

BP bu gün London 2012 Oyunları üçün öz xüsusi nümayəndələri kimi seçdiyi yeddi Azərbaycan idmançısının adlarını da açıqlayıb. Şirkət üç olimpiya və dörd paralimpiya idmançısından ibarət bu qrupun həm “London 2012” oyunlarına hazırlığını, həm də oyunlarda iştirakını dəstəkləyəcək. Həmin idmançılar Cəbrayıl Həsənov (sərbəst güləş), Fəridə Əzizova (taekvondo), Rövşən Bayramov (yunan-roma (klassik) güləş), İlham Zəkiyev (dzyudo), Afaq Sultanova (dzyudo), Oloxan Musayev (atletika) və Oleq Panyutindir (atletika).

İmzalama mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir Azərbaycanda artıq 20 ildir fəaliyyət göstərən BP-nin Azərbaycan idmançılarına dəstəyindən məmnun olduğunu bildirərək qarşıdakı yarışlarda idmançılara uğurlar arzulayıb. R.Cavanşir şirkətin һәlә uzun müddәt Azәrbaycanda işlәmәk niyyәtindә olduğunu bildirib: “BP hələ uzun müddət regionda güclü və dayanıqlı iqtisadiyyata malik lider ölkə olmaq kimi öz strateji roluna doğru inkişaf edən Azərbaycanda olmaq niyyətindədir”.

Tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkə idmançılarına dəstəyi yüksək qiymətləndiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR