Elxan Məmmədov Bakı-2020-nin Təşkilat Komitəsində vəzifə aldı

Elxan Məmmədov Bakı-2020-nin Təşkilat Komitəsində vəzifə aldı
# 08 fevral 2012 09:23 (UTC +04:00)
Bakı – APA. Bakı-2020 Olimpiya Oyunlarının Təşkilat Komitəsi AFFA-nın baş katibi Elxan Məmmədova yeni vəzifə həvalə edib. Apasport.az saytının xəbərinə görə, Məmmədov Bakı-2020-nin Kommunikasiyalar üzrə rəhbəri olacaq.

Təyinata münasibət bildirən gənclər və idman naziri Azad Rəhimov Məmmədovun Təşkilat komitəsinə cəlb olunmasının böyük faydası olacağına inandığını, onun Təşkilat Komitəsinə qoşulmasından çox şad olduğunu və Azərbaycanda futbolun, xüsusən də, komanda idman oyunlarının inkişafı üçün təqdirə layiq işlər gördüyünü qeyd edib.

Məmmədov da yeni təyinatı ilə bağlı bildirib: “Olimpiya Oyunlarının Bakıda keçirilməsini bütün xalq dəstəkləyir. Həm U-17 Qadınlar arasında Futbol üzrə Dünya Çempionatı, həm də, Olimpiya Oyunlarının Bakıda keçirilməsi milyonlarla gəncin dünyaya baxışını genişləndirər, hörmət, dostluq və ədalət kimi Olimpiya dəyərlərinin aşılanmasına kömək edər. Eyni zamanda bu, dünya gənclərinə Azərbaycanı, onun mədəniyyəti və qonaqpərvərliyini daha yaxından tanıtmaq imkanı verər”.

Bakı-2020 Təşkilat Komitəsinin icraçı-direktoru Könül Nurullayeva isə öz növbəsində bildirib ki, Məmmədovun heyətə daxil olmasına görə çox şaddır: “Bizim Olimpiya Oyunlarına namizədliyimizin əsas məqsədi Azərbaycanın gənc idmançılarının potensialını nümayiş etdirmək, reallaşdırmaq imkanı verməkdir. Elxan Məmmədov isə bu istiqamətdə, xüsusən də, Azərbaycanda U-17 qadın futbolunun yaradılması sahəsində xeyli işlər görüb. Bu il paytaxtımızda qadın futbolu üzrə dünya çempionatının keçirilməsi isə buna bariz nümunədir. Olimpiya Oyunlarına namizədliyimizin digər məqsədi isə Azərbaycanda komanda idman növlərini inkişaf etdirməkdir. Elxan Məmmədovun isə futbol sahəsində geniş təcrübəsi bizim bu məqsədimizə də çatmağa kömək edəcək”.

Qeyd edək ki, Məmmədov həmçinin bu ilin sentyabrında Bakıda keçiriləcək U-17 FİFA Qadınlar arasında Futbol üzrə Dünya Çempionatına hazırlıq işlərinə də rəhbərlik edir. Eyni zamanda, o, UEFA-nın Sosial Məsuliyyət və Ədalətli Oyun Komitəsinin vitse-prezidenti və UEFA-nın Oyunlar üzrə nümayəndəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR