Çingiz Hüseynzadə: “Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarını keçirmək iddiasında olan rəqiblərinin çoxunu qabaqlayır”

Çingiz Hüseynzadə: “Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarını keçirmək iddiasında olan rəqiblərinin çoxunu qabaqlayır”
# 09 fevral 2012 11:55 (UTC +04:00)
Bakı – APA. “İdmanın və Olimpiya Hərəkatının inkişaf tempinə görə Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarını keçirmək iddiasında olan rəqiblərinin çoxunu qabaqlayır”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, Rusiya mətbuatına verdiyi açıqlamasında Bakının 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək şanslarının yüksək olduğunu bildirib: “Azərbaycanda Olimpiya Oyunlarına ən yüksək səviyyədə dövlət dəstəyi var. İndiki Dövlət başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbər seçildiyi 1997-ci ildən başlayaraq, ölkədə Olimpiya Hərəkatı inkişaf etməyə başlayıb. Həmin vaxtdan Bakı və regionlarda idman qurğuları, ilk növbədə Olimpiya komplekslərinin tikintisinə start verilib. İdman infrastrukturunun varlığı Olimpiadanın keçirilməsinə namizəd üçün çox vacib məsələdir. Burada inkişaf perspektivi nəzərə alınmalıdır ki, Azərbaycanda Olimpiya stadionu, Üzgüçülük bazası və Gimnastika Mərkəzi tikilir. Bu obyektlər hətta biz Olimpiada-2020-də qalib gəlməsək belə tikiləcək. Azərbaycan iqtisadiyyatının inkişafını və tikintinin tempini nəzərə alsaq, biz bütün səviyyələrdə təminat veririk ki, bu obyektlər Olimpiada-2020 üçün lazımı vaxtda və lazımı səviyyədə hazır olacaq”.

Qeyd edək ki, Olimpiada-2020 ilə bağlı sifariş kitabları fevralın 15-ə kimi Beynəlxalq Olimpiya Komitəsinə təhvil verilməlidir. Bakının rəqibləri isə Madrid, Roma, Tokio, İstanbul və Dohadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR