Azərbaycan idmançıları Tokio Olimpiadasına yollanmamışdan öncə 2 test verəcəklər

Azərbaycan idmançıları Tokio Olimpiadasına yollanmamışdan öncə 2 test verəcəklər
# 25 iyun 2021 11:42 (UTC +04:00)

“Azərbaycanda idman bir ildən çox idi ki, koronavirusla bağlı dayandırılmışdı”.

Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov deyib.

O, MOK-un inzibati binasında Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr olunan tədbirdə çıxış edib. Bağırov pandemiya dönəmində idmançılar və məşqçilərlə müxtəlif təlimlər keçirildiyini sözlərinə əlavə edib.

Qısa videorolikdən sonra MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri sözlərini bu cür davam etdirib: “Olimpiadaya eyni qaydalarla hazırlaşırıq. Yola düşməzdən əvvəl hamı minimum 2 həftə telefonuna xüsusi proqram yükləməlidir. Həmin proqramda öz simptomlarını hər gün qeyd etməlidirlər. Tokioya getməmişdən 72 saat əvvəl xüsusi laboratoriyaya yaxınlaşacaqlar. Orada 2 test verəcəklər. Hər iki test neqativ çıxmalıdır. Testin biri pozitiv çıxsa, həmin şəxs Tokioya gedə bilməyəcək”.

Bağırov əlavə edib ki, heyət Yaponiyada da test verəcək və bunun nəticəsi 2 saat ərzində çıxacaq: “Tokioda idmançılar və federasiya nümayəndələri hər gün test verəcəklər. Testlərin nəticəsi də 2-4 saat ərzində çıxmalıdır. İki gündən bir isə PCR test olacaq. Pozitiv test çıxan şəxs Olimpiya Kəndindəki xüsusi binada karantinə alınacaq. Karantinə düşən adam iki neqativ PCR test verməlidir. Amma bu da o demək deyil ki, karantindən çıxacaq. Bundan sonra 3 qurum tərəfindən təsdiqlənməlidir ki, həmin şəxs karantindən çıxa bilsin”.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR