Azərbaycan karateçisi Tokio-2020-yə lisenziya qazanıb

Azərbaycan karateçisi Tokio-2020-yə lisenziya qazanıb
# 11 iyun 2021 22:52 (UTC +04:00)

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Apasport.az saytının məlumatına görə, idmançımız bu hüquqa Fransanın paytaxtı Parisdə keçirilən olimpiya lisenziyalı turnirdə yiyələnib.

"Pyer de Kubertyen" arenasında təşkil edilən yarışda 67 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Li Jinvan (Cənubi Koreya), Luka Spitz (İsveçrə), Ramil Makaalay (Filippin), Şaban Abdulla (Küveyt) və Fiqueyra Vinisius (Braziliya) üzərində qələbələri sıralayıb. Yarımfinalda Martial Tadissiyə (Macarıstan) uduzan Firdovsi bürünc medal matçında Stefan Cokiçə (Serbiya) qalib gəlib. O, Olimpiadaya vəsiqə uğrunda dördlər finalında Eray Şamdana (Türkiyə) uduzsa da, Martial Tadissi (Macarıstan) və Rəhman Əlmasatfa (İordaniya) ilə heç-heçə edib.

Bunadək karateçilərimiz iki lisenziya qazanıb. Bunlar İrina Zaretska (+61 kq) və Rafael Ağayevdir (75 kq).

Qeyd edək ki, yarışa 6 idmançı ilə qatılan yığmamızın daha iki üzvü qüvvəsini sınayıb. Neda Rezai (kata) və İlahə Qasımova (55 kq) uğursuzluğa düçar olub. Sabah Roman Heydərov (kata) və Fəridə Abiyeva (61 kq), ertəsi gün Asiman Qurbanlı (+75 kq) olimpiya lisenziyası qazanmağa çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR