2025-ci ildən aqrar sahədə subsidiyalar daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək

2025-ci ildən aqrar sahədə subsidiyalar daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək
# 07 oktyabr 2021 13:32 (UTC +04:00)

Prezident İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, İqtisadiyyat Nazirliyi “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin (hüquqmüəyyənedici sənədlər) təqdim olunmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə təmin edəcək. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Elektron kənd təsərrüfatı və Torpaqların elektron kadastr uçotu informasiya sistemləri arasında informasiya mübadiləsinin genişləndirilməsini təmin etmək üçün iki ay müddətində zəruri tədbirlər görüb bu barədə Azərbaycan Prezidentinə məlumat verəcək.

Fərmanla müəyyən edilib ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu fərmanın 1.1-ci bəndinin icrası məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2021-ci il noyabrın 1-dən fərmanın 1.1-ci bəndinin icrasını daha səmərəli həyata keçirmək üçün tələb olunan bütün xidmətlərin mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini təşkil edəcək.

Nazirlər Kabineti fərmanın 1.1-ci bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmini bir ay müddətində təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Fərmanla Maliyyə Nazirliyinə hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi üçün 3.500.000,0 (üç milyon beş yüz min) manat məbləğində vəsaiti 2022 – 2024-cü illər üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutmaq tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR