Azərbaycan Prezidenti: “Biz qaz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Aİ ilə birgə işləməyi planlaşdırırıq”

Azərbaycan Prezidenti: “Biz qaz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Aİ ilə birgə işləməyi planlaşdırırıq”
# 06 oktyabr 2021 15:04 (UTC +04:00)

“Bizim ənənəvi əməkdaşlıq sahələrimiz yaxşı məlumdur və biz böyük nailiyyət əldə etmişik. On il bundan əvvəl bu binada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair Bəyannamə imzalandı”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, bu, Cənub Qaz Dəhlizinin icrası istiqamətində çox mühüm addım olub: “Bundan sonra əməli addımlar atıldı və ötən ilin son günündən bu yana biz artıq əməli nəticələri görürük. Azərbaycan qazı artıq Avropa bazarındadır”.

Dövlət başçısı qeyd edib ki, böyük layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə bağlı planlar bununla məhdudlaşmır: “Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik. Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR