Azərbaycan Prezidenti DSX-nin Zəngilandakı hərbi hissə kompleksində şəraitlə tanış olub - YENİLƏNİB

Azərbaycan Prezidenti DSX-nin Zəngilandakı hərbi hissə kompleksində şəraitlə tanış olub - YENİLƏNİB
# 21 oktyabr 2021 11:36 (UTC +04:00)

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar.

APA xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verib.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir. Buraya qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana və digər tikililər daxildir. Kompleksdə hərbi hissənin təyinatına uyğun xidməti-döyüş fəaliyyətinin təşkilinə, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsinə, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb.

Dövlətimizin başçısına hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, zenit qurğuları və digər texniki vasitələr təqdim olundu. 44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də torpaqlarımızın işğaldan azad olunmasında, dövlət sərhədinin bərpası kimi çox mühüm və müqəddəs bir missiyanın uğurla həyata keçirilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurub və işğalçıları torpaqlarımızdan qovub.

***

20 oktyabr, 17:23

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonuna səfər ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR