Dövlət başçısı: “Azərbaycan son 30 il ərzində selektiv yanaşmaya məruz qalıb” 

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 11 oktyabr 2021 13:43 (UTC +04:00)

“Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb”.

APA-nın məlumatına görə, bunu oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videoformatda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bilib: “Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu. Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi. Cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR