Dövlət başçısı: “Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 oktyabr 2021 11:56 (UTC +04:00)

“Eyni zamanda, vaxtilə sovet dövründə su anbarının yanında ulu öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən çıxışında deyib.

Prezident bildirib ki, müharibə zamanı düşmən bu stansiyaları da dağıdıb: “Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyası müharibə zamanı və müharibədən sonra ki, onlara bu rayonlardan çıxmağa vaxt verilmişdi, ermənilər onları dağıtmışdılar, onların bərpası gedir. O cümlədən, ilk növbədə, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır və artıq bu stansiyalar işlək vəziyyətdədir. Onlar yenidən quruldu, yenidən tikildi. Bu, bir daha bizim gücümüzü və siyasətimizi göstərir. Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür. Bu bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Bu qəsəbənin azad edilməsinin digər önəmli tərəfi, bir daha demək istəyirəm ki, mənəvi-psixoloji üstünlüyümüzün daha da möhkəmləndirilməsidir. İndi əgər müharibənin xronologiyasına baxsaq, görərik ki, sentyabrın 27-də 6 kənd, Murovdağ silsiləsi, Ağdərə dağları, oktyabrın 3-də isə 8 kənd, o cümlədən Suqovuşan qəsəbəsi və Talış kəndi azad edildi. Oktyabrın 4-də bir çox kəndlər azad edildi, o cümlədən Cəbrayıl şəhəri”.

Dövlət başçısı bunun ordumuza əlavə güc, mənəvi ruh verdiyini vurğulayıb: “Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər, son dəqiqəsinə qədər saxlamışdıq. Düşmən artıq başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Çünki baxmayaraq ki, düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü. Bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü. O cümlədən Ermənistan ordusunda xidmət edən şəxsi heyət görürdü ki, biz qələbə çalırıq, biz qabağa gedirik, bizi heç bir qüvvə dayandıra bilməz. Əgər hərbi nöqteyi-nəzərdən götürülməsi demək olar ki, mümkünsüz sayılan Talış və Suqovuşan Azərbaycan Ordusu tərəfindən götürülübsə, onlar tam yəqin edə bilərdilər ki, bundan sonra da Qələbə salnaməmiz davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR