Prezident: “Bizi qəzəbləndirməsinlər, nə qədər ki, təklifimiz masa üzərindədir, razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər” - VİDEO

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 24 sentyabr 2021 12:44 (UTC +04:00)

“Perspektivlər əsasən erməni tərəfin mövqeyindən asılıdır. Biz öz mövqeyimizi bildirmişik. Biz dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırıq. Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində “Cənubi Qafqazda perspektivlər, vəziyyət barədə nə deyərdiniz” sualına cavabında deyib.

Prezident qeyd edib ki, buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır: “Bildiyiniz kimi, hazırda Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu işləyir. Yəni, regionun gələcəyi ilə bağlı işlər, çətinliklə də olsa, aparılır. Erməni tərəfi ay yarım, hətta iki ay yarım taym-aut götürüb. İşçi qrupunun fəaliyyəti yalnız avqustun 17-də bərpa olunub. Biz münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə hazırıq, lakin hələ erməni tərəfdən müsbət siqnal yoxdur. Təəssüf ki, hələ də “Dağlıq Qarabağ”ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır. Biz ki, belə iddialar təqdim etmirik. Məğlub olmuş, kapitulyasiya haqqında akt imzalamış Ermənistan nəyə görə hesab edir ki, onun Dağlıq Qarabağ üçün hansısa status - mövcud olmayan şey üçün status barədə danışmağa haqqı var?”

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ yoxdur, Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var: “Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR