Prezident: “Ələt Azad İqtisadi Zonası” haqqında qanun həm Azərbaycan dövlətinin, həm də investorların maraqlarını təmin edir”

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi

© APA | Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi

# 01 iyul 2021 14:17 (UTC +04:00)

“İlk növbədə, biz təşkilati işləri görməli və elə bir şərait yaratmalı idik ki, investorları cəlb edə bilək. Aydın məsələdir ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə bizə gəldikdə, bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli işləməli idik və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etməli idik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı hansı addımlar atılmasına dair suala cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, ilk növbədə, qanunvericilik sahəsində işlər görülməli idi və o, 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzalayıb, 2018-ci ildə qanun qəbul edilib: “Bu, həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı. Xüsusilə nəzərə alsaq ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Əlbəttə ki, pandemiya da dünya iqtisadiyyatına mənfi təsir göstərib. Belə bir tarixi məqamda bu addımı atmaq, əlbəttə ki, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır. Ona görə hesab edirəm ki, qanunvericilik sahəsində görülən işlər həm investorların, həm də Azərbaycan dövlətinin maraqlarını tam təmin edir. Ondan sonra 2018-ci ildə artıq praktiki işlərə başlanılıb. Bu 850 hektarlıq ərazi ayrılıb, Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilib, işçi qrup yaradılıb və artıq işlər praktik müstəviyə keçib.

Təbii ki, pandemiya işimizə müdaxilə etdi və bizim planlarımızı bir qədər təxirə saldı. Ancaq indi pandemiya həm ölkəmizdə, həm də bir çox ölkələrdə səngiyir. Hesab edirəm, bu gün bu təməlqoyma mərasiminin keçirilməsi artıq onu göstərir ki, biz buna tam hazırıq. Bundan sonra isə artıq praktiki işlərin başlanmasına start verilir və əminəm ki, bu işlər də vaxtında başa çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR