Prezident: “Ermənistan öz itkilərini gizlədir, bizdə olan dəqiq məlumata görə ən azı 7-8 min itki verib” - VİDEO

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 26 avqust 2021 17:27 (UTC +04:00)

“Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər, sözün əsl mənasında, ölümə gedirdilər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir”.

APA-nın xəbərinə görə, bu fikri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.

“Ancaq, eyni zamanda, onu da bildirmək istəyirəm ki, şəhidlərin sayı daha çox ola bilərdi. Əgər biz əməliyyatları planlaşdıranda bu amili nəzərə almasaydıq. Ona görə Ermənistan ordusu ilə müqayisədə bizdə itkilər kifayət qədər azdır. Düzdür, Ermənistan öz itkilərini gizlədir. Ancaq bizdə olan dəqiq məlumata görə ən azı 7-8 min itki vermişdir. Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılmışdır. Burada da Azərbaycan humanistlik göstərir. Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Ancaq biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər tutaraq bu işi də görürük. Biz bütün əməliyyatları planlaşdıranda əməliyyatların gedişatını izləyirdik, canlı rejimdə izləyirdik. Biz bilirik ki, düşmən ən azı 7-8 min itki verib. Azərbaycan isə 3 minədək şəhid verib. Nəzərə alsaq ki, biz əks hücum əməliyyatı keçirirdik. Nəzərə alsaq ki, 5-6 müdafiə xətti var, böyük mühəndis istehkamları var idi, təbii relyef bizim üçün əlverişsiz idi. Anlamaq olar ki, biz insanların sağlamlığını, həyatda qalmasını nə qədər düşünürdük və buna nail olduq”, - deyə dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR