Prezident İlham Əliyev Aleksandr İşeinin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev Aleksandr İşeinin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

© APA | Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein

# 11 iyun 2021 13:23 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr Gennadyeviç İşeinin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

APA xəbər verir ki, nekroloqda deyilir:

“Azərbaycanın pravoslav xristian icmasına ağır itki üz vermişdir. Tanınmış din xadimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr Gennadyeviç İşein 2021-ci il iyun ayının 10-da ömrünün 69-cu ilində vəfat etmişdir.
Aleksandr İşein 1952-ci il iyunun 13-də Rusiyanın Yaroslavl şəhərində anadan olmuşdur. Moskva Ruhani Seminariyasını bitirdikdən sonra o, uzun müddət Şimali Qafqazda din xadimi kimi fəaliyyət göstərmişdir.

1992-ci ildən Azərbaycanda dini fəaliyyətini davam etdirən Aleksandr İşein 1995-ci ildə ölkəmizdəki pravoslav prixodlarının rəhbəri vəzifəsinə təyin olunmuş, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyanın, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu seçilmiş, daha sonra arxiyepiskop dini rütbəsinə layiq görülmüşdür.

Azərbaycana qəlbən bağlı olan və onu ikinci Vətəni hesab edən arxiyepiskop Aleksandr ölkəmizin ictimai və dini-mənəvi həyatında yaxından iştirak etmiş, dinlərarası və xalqlararası dostluq, qardaşlıq və etimad mühitinin daha da möhkəmləndirilməsinə, cəmiyyətdə konfessiyalararası harmoniyanın və etnik-dini tolerantlığın inkişafına sanballı töhfələr vermişdir.

Aleksandr İşein mötəbər beynəlxalq tədbirlərə qatılaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində diqqətəlayiq xidmətlər göstərmişdir.
Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış din xadimi, xeyirxah və nəcib insan Aleksandr Gennadyeviç İşeinin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Qəbri nurla dolsun!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Mübariz Qurbanlı

Allahşükür Paşazadə

Milix Yevdayev

Aleksandr Şarovski

Robert Mobili”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR