Prezident İlham Əliyev: “Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 11 oktyabr 2021 13:41 (UTC +04:00)

“Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir”.

APA-nın məlumatına görə, bunu oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videoformatda çıxışında deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb: “Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.

Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, – bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi”.

Dövlət başçısı qeyd edib ki, bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib: “Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR