Prezident: “Talış və Suqovuşanın azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi”

İlham Əliyev

© APA | İlham Əliyev

# 04 oktyabr 2021 11:52 (UTC +04:00)

“Bu kəndlərin strateji əhəmiyyəti ondadır ki, burada düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldandan sonra çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi: “Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı.

Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Su anbarının çox böyük strateji əhəmiyyəti var. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. İşğal zamanı mənfur düşmən bizə qarşı ekoloji terror da törədirdi, su terroru törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və məruzə qəbul edilmişdi, qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, bizim böyük uğurumuz idi. Təsadüfi deyil ki, ondan sonra bu məruzəni hazırlayanlara qarşı erməni lobbi təşkilatları mənəvi terror siyasəti aparmağa başlamışdı. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Yəni bu, bir daha göstərir ki, biz hansı çirkin düşmənlə üz-üzəydik. Onlar bütün imkanlardan istifadə edib bizə daha böyük ziyan vurmaqla məşğul idilər. Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətimizə keçməsi nəticəsində artıq Ermənistan dövlətinin bu imkanları da onların əlindən çıxdı. İndi buraya biz hakimik. Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Artıq su mənbələrinin bütün xəritələri tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR