Azərbaycanda bu il 34 sahibkarlıq subyektinə 35 layihə üzrə investisiya təşviqi sənədi təqdim edilib

Azərbaycanda bu il 34 sahibkarlıq subyektinə 35 layihə üzrə investisiya təşviqi sənədi təqdim edilib
# 28 avqust 2020 11:58 (UTC +04:00)

Bu ilin ötən dövrü ərzində Azərbaycanda 34 sahibkarlıq subyektinin 35 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib.

Azərbaycan İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, investisiya təşviqi sənədi verilən layihələrin reallaşması nəticəsində yerli istehsala 158 mln. manatadək investisiya yatırılacağı, 1600-dən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 88%-i regionların payına düşür.

Təqdim edilən investisiya təşviqi sənədlərinin 66%-i sənaye, 34%-i isə kənd təsərrüfatı sahələri üzrə layihələri əhatə edir.

Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 70 mln. ABŞ dollarına yaxın dəyərdə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 415 təsdiqedici sənəd verilib.

Nazirlikdən bildirilib ki, ümumilikdə bu günədək 379 sahibkarlıq subyektinin 455 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilən layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahəsini əhatə edir.

Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 4,18 mlrd. manatadək investisiya yatırılacağı, 29,6 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Təşviq edilən layihələrin 87%-i regionların payına düşür.

İnvestisiya təşviqi sənədi verilmiş 300-dən artıq layihə artıq fəaliyyətə başlayıb və 25 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və digər ölkələrə ixrac olunur.

İnvestisiya təşviqi sənədini alan hüquqi şəxslərə və fərdi sahibkarlara 3 623 təsdiqedici sənəd verilib, nəticədə təqribən 653 mln. ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub.

Təqdim edilən təsdiqedici sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən texnoloji avadanlıqlar idxal edilib.

Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və s. məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR