Birdəfəlik istifadə edilən plastik qabları istehsal edən sahibkarlar cərimələnə bilər

Birdəfəlik istifadə edilən plastik qabları istehsal edən sahibkarlar cərimələnə bilər
# 20 noyabr 2020 13:43 (UTC +04:00)

İnzibati Xətalar Məcəlləsinə 2 maddənin əlavə edilməsi təklif olunur.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddəyə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər isə üç min manatdan dörd min manatadək cərimə ediləcək.

Təklif edilən digər yeni maddəyə əsasən, yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək cərimə ediləcək.

Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

Qeyd edək ki, qanun layihəsi ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR