İpoteka saxlayanın sadələşdirilmiş vergi ödəməsi qaydaları və vergi ödəyicilərinin dairəsi dəqiqləşdirilir

#
# 13:30
30 aprel 2021

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda iki məsələyə - Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məsələlərə baxılıb.

İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdə olan hər iki qanun layihəsinin barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “AccessBank” QSC, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC və Vergilər Nazirliyi arasında olan məhkəmə prosesi nəticəsində Bakı Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək “AR Mülki və Vergi Məcəlləsinin, “İpoteka haqqında” və “İcra haqqında” AR Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsini xahiş edib.

Konstitusiya Məhkəməsi Plenumunun Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 23 iyul 2020-ci il tarixli Qərarı ilə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisinə tövsiyə edilib.

Qeyd olunanlar nəzərə alınmaqla, Milli Məclisi tərəfindən “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb.

Təklif olunan dəyişikliyə görə, hərrac təşkilatçısı ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 gün müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Əgər ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın dəyəri borc məbləğindən artıqdırsa, bu halda Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur.

Verilmiş kreditin təminatı kimi bankın və digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır.

Eyni zamanda adıçəkilən qərarın təsviri-əsaslandırıcı hissəsində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı rəsmiləşdirilmə qaydalarının qanunvericilikdə nəzərdə tutulmaması qeyd edilib.

İclasın gündəliyində duran ikinci məsələnin uyğunlaşdırma xarakteri daşıdığını bildirən komitə sədri Vergi Məcəlləsində edilən dəyişikliklərə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb. Dəyişikliyə görə, layihə aşağıdakıları nəzərdə tutur:

- təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasının ipoteka saxlayan və hərrac təşkilatçısı arasında imzalanmış protokolla rəsmiləşdirilməsi;

- daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların siyahısına “təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol”un daxil edilməsi. Bununla da bu əsasla hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı həyata keçirilə biləcək.

Deputatlar qanun layihələrini ətraflı müzakirə ediblər, nəzərdə tutulan dəyişikliklərə ümumilikdə  müsbət münasibət bildiriblər, hər iki qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR