Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi bəyanat yayıb

#
# 18:25
7 oktyabr 2020

Azərbaycan Respublikası 30 ilə yaxındır ki, Ermənistan dövlətinin təcavüzkar siyasətindən əziyyət çəkir. Ərazisinin 20%-nin və Azərbaycan torpağı olan Qarabağın işğalda olmasına, bir milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, ölkə hər zaman münaqişənin sülh yolu həllinin tərəfdarı olub, beynəlxalq platformalarda bu barədə öz mövqeyini müntəzəm şəkildə ifadə edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Ermənistanın təcavüzkar hərəkətlərini davam etdirməsi Azərbaycana hərbi yola əl atmaqdan başa seçim buraxmayıb. Müzəffər ordumuzun şanlı qələbələri qarşısında aciz duruma düşən işğalçı ölkə qeyri-insani üsullara əl atmaqdadır. Dinc, silahsız əhalini hədəf alan Ermənistan, beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın ən qədim və ikinci böyük şəhəri olan Gəncə şəhərini, eyni zamanda Mingəçevir, Beyləqan və Tərtər şəhərlərini, Bərdə, Fizuli, Xızı, Abşeron, Ağdam, Ağcabədi, Cəbrayıl rayonlarını ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam edir.

"TÜİB olaraq mövqeyimiz bir daha bildirmək istəyirik: istər iş adamları birliyi olaraq, istərsə də fərd olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq tapşırıqlarını gözləyirik və yerinə yetirməyə hazırıq. Biz bu müqəddəs Vətən müharibəsinin əsgərləriyik. Türkiyə və Azərbaycan prezidentləri arasındakı xalqlarımızın ruhuna uyğun səmimi dostluq, qardaşlıq və qarşılıqlı təəssübkeşlik münasibətlərinə hər cür töhfə vermək bizim üçün şərəfdir. Əhdimizi yeniləyirik, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşada Türkiyə-Azərbaycan qardaşlığının rəmzi və düşmənə gözdağı olan əzəmətli abidə ucaldacağıq! İnşallah o gün uzaqda deyil. Vətənimizi qoruyarkən şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Zəfər bizimlə olsun! Qarabaq bizimdir! Qarabağ Azərbaycandır!", - bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR