Yaponiya Azərbaycanda tütünçülük sahəsinə 40 mln. dollar yatıra bilər

Yaponiya Azərbaycanda tütünçülük sahəsinə 40 mln. dollar yatıra bilər
# 07 sentyabr 2020 16:11 (UTC +04:00)

Yaponiya sahibkarları Azərbaycanda tütünçülük sahəsinə 40 mln. ABŞ dollar investisiya yatırmağı planlaşdırırlar.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bunu Yaponiyanın Beynəlxalq İnkişaf şirkətinin (TET) vitse-prezidenti Muneçika Tanio ASK-nın vitse-prezidenti Vüqar Zeynalovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Yaponiyanın iş adamları Azərbaycanda ötən ildən fəaliyyət göstərməyə başlayıb və ilkin sərmayə yatırımı tütünçülük sahəsinə olub. Oğuzda tütün qurutma məntəqəsi tikilib, Tovuzda da bu məqsədlə investisiya yatırımı həyata keçirilir.

Eyni zamanda M. Tanio gələn ay ərzində 100 yapon investorunun Azərbaycana səfərinin gözlənildiyini söyləyib. Bu səfərlərdə investorlar müxtəlif sahələr üzrə müəyyənləşdirilən regionlara gedərək ətraflı məlumatlar toplayacaqlar.

Xatırladaq ki, bu il Oğuz rayonunun Sincan kəndində fəaliyyət göstərən tütünqurutma müəssisəsinə yaponiyalı investor tərəfindən 2,2 mln. dollar həcmində investisiya yatırılıb. Müəssisənin Qəbələ, Oğuz və Tovuz rayonlarında olan 210 hektar tütün təsərrüfatının növbəti illərdə Şəki, Zaqatala, Qax və Balakən rayonları da daxil olmaqla 900 hektara çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR