Azərbaycan startapları indiyədək 3,3 mln. manat investisiya cəlb edib

Azərbaycan startapları indiyədək 3,3 mln. manat investisiya cəlb edib
# 07 may 2021 15:13 (UTC +04:00)

Azərbaycan startaplarına bu günədək 3,3 mln. manat vəsait cəlb olunub ki, bu məbləğin 65%-i xarici, 35%-i isə yerli investorların payına düşüb.

APA-Economics” xəbər verir ki, bunu “Startap üçün yeni imkanlar” mövzusunda təşkil olunan məlumatlandırıcı vebinarda çıxış edərkən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim deyib.

Onun sözlərinə görə, Mərkəz daha çox xarici investisiyanın cəlb olunmasına maraqlıdır, çünki məhz bu investorlar yerli startapların xarici ölkələrə çıxışına köməklik edir.

“Hazırda Azərbaycanın bir sıra uğurlu startapı ABŞ, Almaniya və Türkiyədə fəaliyyət göstərir. Bu günədək 80-nə yaxın startap bizim xidmətlərdən faydalanıb. Mərkəz tərəfindən onlara əsasən mentor dəstəyi göstərilib, maliyyə dəstəyi isə özəl sektora müraciət əsasında cəlb olunub. Startaplar dövlətdən də maliyyə dəstəyi gözləyiblər bir müddət. Amma onun mexanizmi və bizdə o mandat olmadığı üçün biz bu istiqamətdə işlər görə bilməmişik”, - deyə M. Kərim qeyd edib.

Mərkəzinin direktoru təmsil etdiyi qurumun Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vasitəsilə bu işlərə də müəyyən mənada dəstək veriləcəyinə və startapların ilkin maliyyəni dövlət tərəfindən də cəlb olunacağına ümid etdiyini bildirib: “Bunun üçün müxtəlif mexanizmlər var. Düşünürük ki, özəl sektorla dövlət bərabər yatırımlar etsinlər. Əgər özəl sektor yatırım etsə, dövlət də müəyyən mənada çox da araşdırmadan bu yatırımı gerçəkləşdirmək marağında olar. Vacib məqamlardan biri də ölkədə startapların qeydiyyatıdır. Belə ki, biz müxtəlif dövlət qurumları ilə, habelə özəl və beynəlxalq təşkilatlarla görüşlərdə ölkədə startap ekosisteminin nə dərəcədə böyük olduğu, nə qədər ciddi sənaye və ya iqtisadiyyat sahəsi sayıldığı sualları ilə qarşılaşırıq”.

Mərkəzinin direktorunun fikrincə, statistikaların ciddi dəqiq aparılması üçün həm reyestr, həm də startap şəhadətnamələri olmalıdır. Bu, startapın hansı səviyyədə olmasını, tərəqqi göstərdiyini, həmçinin startapların ehtiyaclarını da müəyyən etməyə imkan yaradacaq.

“Startap şəhadətnamələri startap icmasında bir qədər birmənalı qarşılanmadı və müəyyən mənada narahatçılıq yaratdı. Suallar yarandı ki, bu sahə niyə tənzimlənməlidir? Şəhadətnamə olmasa startap yaratmaq mümkün olmayacaqmı? Əslində isə, şəhadətnamələr daha çox dövlətin göstərmək istədiyi dəstək paketlərin effektli istifadəsi üçün nəzərdə tutulub”, - deyə M. Kərimov bildirib.

Qeyd edək ki, bu ilin aprelin 23-dən etibarən “Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabət qabiliyyətli, eləcə də digər startap məhsulu ilə eynilik təşkil etməyən məhsul istehsalı üçün təqdim edilir. “Startap” şəhadətnaməsini alan sahibkarlıq subyektləri Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR