“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir

“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
# 21 yanvar 2020 12:40 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart ilə görüşüb.

APA xəbər verir ki, Prezident İlham Əliyev ölkəmizdə son illərdə aparılan islahatların artıq müsbət nəticələr verdiyini, bunun xüsusilə şəffaflığın və hesabatlılığın artırılması hesabına vergi və gömrük orqanlarının topladığı büdcə gəlirlərində özünü göstərdiyini qeyd edib. Dövlətimizin başçısı ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğulayıb.

Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart dövlətimizin başçısı tərəfindən son illərdə aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə edib, bu tədbirlərin biznes və rəqabət mühitinin sağlamlaşdırılması, həmçinin şəffaflığın artırılması üçün geniş imkanlar yaratdığını vurğulayıb. Baş icraçı direktor “Carlsberg Group” olaraq xarici investor kimi bu islahatlara hər zaman dəstək verdiklərini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib. Cees’t Hart bu imkanlardan faydalanaraq Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətində olduqlarını qeyd edib. O, həmçinin aidiyyəti hökumət qurumları ilə şəffaflığın, hesabatlılığın və mühasibatlılığın daha da yüksək səviyyəyə qalxması üçün əməkdaşlıq etdiklərini söyləyib.

Söhbət zamanı bildirilib ki, bu ildən başlayaraq “Carlsberg Group” şirkəti kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcək və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR