Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bir sıra müəssisədə məhsul istehsalında nöqsanlar aşkarlayıb

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bir sıra müəssisədə məhsul istehsalında nöqsanlar aşkarlayıb
# 28 iyul 2008 08:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) həyata keçirdiyi dövlət nəzarəti tədbirləri nəticəsində bir sıra müəssisələrdə məhsul istehsalında nöqsanlar aşkarlanıb. Bu barədə «APA-Economics»ə agentlikdən məlumat verilib. Agentliyin əməkdaşlarının keçirdiyi yoxlamalar zamanı dondurma istehsal edən 2 müəssisədə standartın tələblərinin pozulması aşkar edilib. Dövlət nəzarətinin nəticələrinə görə, yoxlanılan məhsul partiyasının satışı və məhsul istehsalı qadağan olunub. Müəssisəyə istismar edilən ölçmə vasitələrinin istismardan çıxarılması barədə tələbnamə, nöqsanların aradan qaldırılması üçün iradnamə verilib və İnzibati xəta haqqında Qərar qəbul edilib. Bundan başqa, çörək istehsal edən 4, süd məhsulları istehsal edən 1, kolbasa istehsal edən 1, makaron və buğda unu istehsal edən 1 müəssisədə standartın tələblərinin pozulması aşkarlanıb. Dövlət nəzarətinin nəticələrinə görə, bu müəssisələrdə də yoxlanılan məhsul partiyasının satışı və məhsul istehsalı qadağan edilib. Müəssisələrə nöqsanların aradan qaldırılması üçün iradnamə verilib və İnzibati xəta haqqında Qərar qəbul olunub.
SMPDA əməkdaşlarının həyata keçirdiyi monitorinqlər zamanı beton qarışığı istehsal edən 1 müəssisədə standartın tələblərinin pozulması, 5 müəssisədə isə ölçmə vasitələrinin istismarı zamanı standartın tələblərinin pozulması aşkar edilib. Dövlət nəzarətinin nəticələrinə görə, müəssisəyə ölçmə vasitələrinin istismardan çıxarılması barədə tələbnamə, nöqsanların aradan qaldırılması üçün iradnamə verilib və İnzibati xəta haqqında Qərar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR