Bu ilin ilk altı ayı ərzində Azərbaycanda 50 minə yaxın kiçik müəssisə və obyekt özəlləşdirilib

Bu ilin ilk altı ayı ərzində Azərbaycanda 50 minə yaxın kiçik müəssisə və obyekt özəlləşdirilib
# 08 avqust 2008 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi çərçivəsində ümumi dəyəri 212,2 mln. manat olan 49 445 kiçik müəssisə və obyekt özəlləşdirilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəlləşdirilən obyektlər sırasında 945 sənaye, 123 kənd təsərrüfatı müəssisəsi, 581 tikinti təşkilatı, 3 919 ticarət, 1 125 iaşə müəssisəsi, 10 169 məişət xidməti, 691 yanacaq-doldurma məntəqəsi, 20 346 nəqliyyat müəssisəsi və nəqliyyat vasitəsi, 202 kommunal təsərrüfatı obyekti və 11 344 digər dövlət müəssisəsi, obyektləri və avadanlıqları var.

Hesabat dövrü ərzində ümumi dəyəri 26,2 mln. manat olan 967 kiçik müəssisə və obyekt özəlləşdirilib. Bu proses Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Şəki, Lənkəran, Ağdaş, Qazax, Quba, Neftçala, Naftalan rayonlarında daha fəal aparılıb. Bununla yanaşı, yarımil ərzində nizamnamə kapitalının həcmi 6,2 mln. manat olan 8 dövlət müəssisəsi, o cümlədən 4 tikinti, 1 sənaye, 1 kənd təsərrüfatı, 1 nəqliyyat və 1 digər müəssisə səhmdar cəmiyyətinə çevrilib.

Yanvar-iyun aylarında 429 dövlət müəssisəsinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsindən 8,5 mln. manat vəsait əldə edilib. Altı ay ərzində səhmlərinin ümumi dəyəri 30,1 mln. manat olan 82 səhmdar cəmiyyətinin səhmləri auksiona çıxarılıb və onların 4,3 mln. manatlıq hissəsi satılıb. Bununla yanaşı, 1,1 mln. manatlıq səhmlər qapalı abunə yolu ilə əmək kollektivlərinə və çek hərraclarında, 3,2 mln. manat dəyərində olan səhmlər isə pullu auksionlarda satılıb.

Bu ilin yanvar-iyun aylarında ölkə sakinləri tərəfindən ümumi sahəsi 513,5 min kv.metr olan 7,9 min mənzil özəlləşdirilib. Özəlləşdirmə başlanan dövrdən iyul ayının 1-dək 397,4 min mənzil və ya özəlləşdirilməsi nəzərdə tutulmuş bütün mənzillərin 64,3%-nin özəlləşdirilməsi başa çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR