Azərbaycanda sahibkarlığın güzəştli kreditləşdirilməsi 2009-cu ildə iki dəfə genişləndirilə bilər

Azərbaycanda sahibkarlığın güzəştli kreditləşdirilməsi 2009-cu ildə iki dəfə genişləndirilə bilər
# 12 sentyabr 2008 11:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) dövlət büdcəsindən ayrılan vəsaitin illik həcmi 2009-cu ildə iki dəfə artırıla bilər. «APA-Economics»in məlumatına görə, bunu iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
Nazirin sözlərinə görə, Fonda daxil olan ərizələr və müraciətlər təhlil olunub və nəticədə SKMF-in vəsaitlərinin artırılması zəruriliyi müəyyənləşib: «Müraciətlər və verilən kreditlər arasında fərq böyükdür. Vəsaitin artırılması ilə bağlı artıq təkliflər hazırlanıb və aidiyyəti orqanlara təqdim olunub».
H.Babayev həmçinin qeyd edib ki, təkliflərdə kreditləşdirmə şərtlərinin dəyişdirilməsi məsələsinə toxunulmayıb: «Məlum olduğu kimi, Fond vəsaiti banklara 1%-dən, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə verir. Fondun vəsaitləri artacağı halda, bankların kreditləri aşağı faizlə verəcəyi istisna olunmur».
Qeyd edək ki, 2008-ci il üçün dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi üçün SKMF-ə 80 mln. manat ayrılması nəzərdə tutulub (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına). Bu ilin sentyabr ayının 1-dək SKMF-dən müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycanın 52 şəhər və rayonu üzrə 556 sahibkarlıq subyektinə 63,1 mln. manat məbləğində güzəştli kredit verilib. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR