Gələn həftə Azərbaycanda növbəti beynəlxalq infrastruktur sərgisi keçiriləcək

Gələn həftə Azərbaycanda növbəti beynəlxalq infrastruktur sərgisi keçiriləcək
# 17 sentyabr 2008 12:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda sentyabrın 22-24-də Gəncə şəhərində təşkil olunacaq «Gəncə İnfrastrukturu» («West Azerbaijan Infrastructure») adlı II Azərbaycan Beynəlxalq Sərgisinə dair mətbuat konfransı keçirilib. Sərginin əsas təşkilatçısı rolunda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkəti çıxış edir.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «ITE Group» şirkətinin nümayəndəsi Edvard Strun (Edvard Stroon) qeyd edib ki, regionlarda sərgilər keçirmək şirkət üçün prioritet deyil: «Belə ki, biz sərgiləri əsasən böyük şəhərlərdə keçiririk. Lakin buna baxmayaraq, biz ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün Gəncədə sərgi keçirəcəyik».
Tədbirdə çıxış edən «Iteca Caspian» şirkətinin direktor müavini Bəhruz Hidayətzadə bildirib ki, Gəncə sərgisində ölkənin bir sıra iri şirkətləri iştirak edəcək. Ümumiyyətlə, sərgi regionda fəaliyyət göstərən şirkət və iş adamları üçün faydalı olacaq. B.Hidayətzadə həmçinin qeyd edib ki, bu sərgiyə paralel olaraq «Tikinti» («WestAzBuild») sərgisi də keçiriləcək. Hər iki sərgi Gəncə şəhərinin növbəti il dönümü qeydetmə mərasimlərinə uyğunlaşdırılıb.
«Gəncə İnfrastrukturu» sərgisində tikinti və interyer, qida sənayesi, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, energetika, bank və sığorta, səhiyyə, nəqliyyat, infrastruktur və digər sahələri əhatə edən şirkətlər iştirak edəcək. Ümumilikdə sərgidə 40-a yaxın şirkət iştirak edəcək ki, bunların da arasında Azərbaycan Beynəlxalq Bankı, «Bank of Baku», «Bank Respublika», «AtaBank», «Bakı Sığorta», «Qarant Sığorta», «Parex Leasing», «Kür», «Fatoğlu», «Azersun Holding» və digər şirkət və təşkilatlar var.
B.Hidayətzadənin sözlərinə görə, sərginin iştirakı üçün tariflər Bakıda keçirilən sərgilərin tariflərdən fərqlidir: «Region olduğu üçün tariflərə özəl yanaşma olub. Qiymətlər Bakıda keçirilən sərgilərin tariflərinə nisbətən 30% aşağıdır».
Qeyd edək ki, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Gəncə Sahibkarlar Assosiasiyası bu sərgilərə rəsmi dəstək verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR