Azərbaycanın iqtisadi inkişaf naziri Bakıda səfərdə olan ABŞ Kommersiya Departamentinin başçısının müavinini qəbul edib

Azərbaycanın iqtisadi inkişaf naziri Bakıda səfərdə olan ABŞ Kommersiya Departamentinin başçısının müavinini qəbul edib
# 27 sentyabr 2008 15:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda səfərdə olan ABŞ Kommersiya Departamentinin başçısının müavini Pol Dikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Doing Business-2009» hesabatında Azərbaycanın 64 pillə irəlləyərək 33-cü yeri tutması barədə qonaqlara məlumat verərək H.Babayev qeyd edib ki, Azərbaycan dünyada ən islahatçı ölkə elan olunub və islahatlar davam etdiriləcək. Belə ki, Azərbaycanda sahibkarlığın inkişafı üzrə 2010-2011-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanıb. Proqramın yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. Nazir həmçinin qeyd edib ki, bundan başqa, tikinti üçün icazələrin verilməsi sahəsində «bir pəncərə» prinsipinin tətbiqi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Analoji sistemin idxal-ixrac rəsmiləşdirilməsi sahəsində də tətbiq olunması nəzərdə tutulur.
Görüş çərçivəsində Azərbaycan və ABŞ arasında ticarət əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi də müzakirə olunub. Belə ki, ötən ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 497 mln. ABŞ dolları olduğu halda, bu ilin 7 ayı ərzində bu rəqəm 4,2 mlrd. dollara çatıb.
H.Babayev onu da bildirib ki, Azərbaycan tərəfi iki ölkə arasında əlaqələrin genişləndirilməsində maraqlıdır və bunun üçün hər cür dəstək göstərməyə hazırdır.
Öz növbəsində çıxış edən P.Dik ABŞ-ın Kommersiya Departamentinin Azərbaycanda nümayəndəliyinin açılmasını əlaqələrin daha da inkişafı sahəsində atılmış uğurlu addım kimi qiymətləndirib və iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR