Gələn ay Əmmanda İordaniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası və biznes-forum keçiriləcək

Gələn ay Əmmanda İordaniya-Azərbaycan hökumətlərarası komissiyasının iclası və biznes-forum keçiriləcək
# 07 oktyabr 2008 07:38 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın İordaniyada fövqəladə və səlahiyyətli səfiri Elman Araslı ötən ay bu ölkənin bir sıra hökumət nümayəndələri ilə görüşlər keçirib. Səfirlikdən APA-ya daxil olan məlumata görə, səfir İordaniyanın ticarət və sənaye naziri, tərbiyə və təlim naziri, ali təhsil və elmi tədqiqatlar naziri, İxracın Təşviqi Qurumunun baş icraçı direktoru, Ticarət Palatasının sədri, Sənaye Palatasının sədri, İnvestisiya Şurasının Sədri, Kral II Abdullah Dizayn və İnkişaf Bürosunun baş icraçı direktoru, İordaniya Qadınlarının Milli Komissiyasının baş katibi və Jandarmeriyanın rəisi ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan-İordaniya hökumətlərarası müştərək Komissiyasının ilk toplantısına və İordaniya-Azərbaycan iş adamlarının iştirakı ilə biznes-foruma hazırlıq məsələləri, İordaniyanın ali təhsil və elmi tədqiqatlar nazirinin Azərbaycana səfəri, gələn ay Azərbaycan Təhsil Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin İordaniyaya səfəri, İordaniya ilə Azərbaycan arasında birgə sənaye istehsalı imkanlarının öyrənilməsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər noyabrın ilk həftəsində Əmmanda hökumətlərarası müştərək komissiyanın ilk iclasının və biznes forumun keçirilməsi barədə razılığa gəliblər. Həmin tədbirlərdə iştirak məqsədilə Azərbaycan iqtisadi inkişaf nazirinin rəhbərliyi altında rəsmi şəxslərdən və iş adamlarından ibarət geniştərkibli Azərbaycan nümayəndə heyəti İordaniyaya səfər edəcək. Səfər zamanı İordaniyanın yüksək vəzifəli şəxslərilə görüşlər də nəzərdə tutulub.

Danışıqlar zamanı həmçinin İordaniyanın ali təhsil və elmi tədqiqatlar nazirinin Bakıya səfərinə, noyabrda isə Azərbaycan Təhsil Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin İordaniyaya səfərinə dair razılıq əldə olunub. İordaniyanın mədəniyyət naziri xanım N. Bəkir isə azərbaycanlı həmkarı Ə. Qarayevin dəvətinə əsasən cari ilin dekabrında Bakıya səfər edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR