Azərbaycanda ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatının təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib

Azərbaycanda ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatının təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib
# 07 oktyabr 2008 10:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, Aİ tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 1 mln. avro olan layihənin icra müddəti iki il, icraçısı isə Hollandiya-Latviya konsorsiumudur.
Nazir müavini qeyd edib ki, layihə balıq və digər dəniz məhsullarının beynəlxalq bazarlara ixracının tənzimlənməsi sahəsində səlahiyyətli orqanın institusional təşkilatlanmasının sürətləndirilməsi, inspeksiya fəaliyyəti üzrə təcrübə və peşəkar mütəxəssislərin hazırlanması, laboratoriya xidmətinin beynəlxalq standartların tələblərinə uyğun qurulması, məhsulların keyfiyyətinə və təhlükəsizliyinə daha effektiv nəzarətin həyata keçirilməsi sahəsində əhəmiyyətli olacaq.
«Bu sahədə əldə ediləcək təcrübə həmçinin, digər yeyinti məhsullarının Avropa bazarlarına ixracında istifadə oluna bilər. Bundan başqa, layihənin icrası balıq və digər dəniz məhsullarının Avropa İttifaqı ölkələrinə və beynəlxalq bazarlara ixrac potensialının genişləndirilməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək», - deyə N.Səfərov vurğulayıb.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəis əvəzi Aslan Cəfərov isə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, yerli məhsulların keyfiyyətinin yüksəldilməsi və rəqabət qabiliyyətliliyinin artırılması sahəsində görülən işlərdən danışıb. A.Cəfərov bildirilib ki, balıqçılıq müəssisələrində ekspertizalar həyata keçirilib, çatışmazlıqların aradan qaldırılması istiqamətində lazımi təşkilati və metodiki köməkliklər göstərilib, müəssisələrdə beynəlxalq qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqi üzrə işlər aparılıb, bu sahədə çalışanlar üçün təlim kursları keçirilib.
Konfransa çıxış edən dövlət orqanlarının, Hollandiyanın Ərzaq və İstehlak Mallarının Təhlükəsizliyi üzrə Səlahiyyətli Orqanın, Latviyanın Ərzaq və Baytarlıq Xidmətinin, Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbərləri və s. layihənin icra mexanizmi, eləcə də onun əhəmiyyəti, iqtisadi nəticələri barədə fikir mübadiləsi aparıblar.
Konfransda çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Alan Vaadams isə bu cür layihələrin Aİ-yə qatılmaq istəyən ölkələrdə uğur qazandığını vurğulayıb. Gələcəkdə bu layihənin davamlı olacağını qeyd edən səfir layihənin ərzaq təhlükəsizliyini və rəqabəti gücləndirəcəyi, həmçinin Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR