Bakıda «Sahibkarlığın inkişaf yolları» mövzusunda konfrans keçirilib

Bakıda «Sahibkarlığın inkişaf yolları» mövzusunda konfrans keçirilib
# 07 oktyabr 2008 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) təşkilatçılığı ilə «Sahibkarlığın inkişaf yolları» mövzusunda konfrans keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən SBİİYF-nin prezidenti Sabit Bağırov qeyd edib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı mühüm amillərdən biridir. Tədbir çərçivəsində S.Bağırov Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə 2009-cu il üçün əsasən təkliflərdən ibarət olan Milli Gündəliyi də təqdim edib.
Konfransda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi Azərbaycanın iqtisadi inkişafından danışıb və bildirib ki, rəsmi Vaşinqton müstəqil məhkəmə sistemində şəffaflığın təmin olunması istiqamətində Azərbaycanı dəstəkləyir.
Tədbirdə çıxış edən Dünya Bankının (DB) Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak qeyd edib ki, DB və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanan «Doing Business-2009» hesabatında Azərbaycan dünya reytinqində ən böyük yüksəliş əldə edərək 97-ci yerdən 33-cü yerə yüksəlib. Bu da onu göstərir ki, Azərbaycan sahibkarlıq fəaliyyətinin əlverişliliyi üzrə aparıcı islahatçı dövlətdir.
Konfransda çıxış edən Siyasi və İqtisadi Tədqiqatlar Mərkəzinin (FAR Center) rəhbəri Rasim Musabəyov isə bildirib ki, aparılan tədqiqatların nəticəsi ölkədə çalışanların 70%-ni sahibkarlar təşkil edir: «Sahibkarların 63%-i rəqabəti ədalətli aparır».
Tədbirdə Azərbaycan hökuməti, bir sıra xarici səfirlik, beynəlxalq təşkilatlar, sahibkarlar assosiasiyalarının və digər qurumların nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanda kiçik sahibkarlığın inkişafında makroiqtisadi amillərin rolu, sahibkarlıq mühitinin dəyərləndirilməsinə dair yanaşmalar, kiçik sahibkarlıq üçün mühitin yaxşılaşdırılması üzrə təkliflər və digər məsələlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR