Azərbaycanda MDB-də analoqu olmayan MAN Satış və Servis Mərkəzi açılıb - FOTOSESSİYA

Azərbaycanda MDB-də analoqu olmayan MAN Satış və Servis Mərkəzi açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 10 oktyabr 2008 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya istehsalı olan MAN yük avtomobilləri və sərnişin avtobuslarının Azərbaycandakı rəsmi idxalçısı «Improtex Trucks & Buses» şirkəti Bakıda MDB məkanında analoqu olmayan MAN avtomobillərinin satış və servis mərkəzinin açılış mərasimini keçirib.
«APA-Economics»in məlumatına görə, açılış mərasimindən öncə «Improtex Trucks & Buses», «MAN Avtomobili Rossiya» MMC və «MAN Nutzfahrzeuge AG» şirkətlərin rəsmi şəxslərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Konfransda çıxış edən «Improtex Trucks & Buses» MMC-nin baş direktoru Elxan Əkbərov qeyd edib ki, Azərbaycanın digər regionlarında da analoji mərkəzlər açılacaq: «Belə ki, yaxın gələcəkdə biz Quba və Lənkəran rayonlarında – Şimal-Cənub avtomobil magistralı üzərində və Gəncə şəhərində, İpək Yolunun marşrutu üzərində MAN-ın satış və servis mərkəzlərini açmaq niyyətindəyik».
Öz növbəsində konfransda Azərbaycanda yeni və istifadə olunmuş MAN texnikasından danışan «Improtex Trucks & Buses» MMC-nin satış üzrə direktoru Samir Əliyev bildirib ki, hazırda ölkədə iqtisadi tərəqqi müşahidə olunur və bir sıra sahələr kimi tikinti sektoru da inkişaf edir: «Bunun nəticəsində, yük və tikinti avtomobillərinə olan tələbat artır. Azərbaycanda daha çox MAN-ın yeni texnikasına tələbat duyulur. Lakin bu, o qədər çox olmasa da, istifadə olunmuş avtomobillərə də tələbat müşahidə olunur. Ümumiyyətlə, ölkədə bu cür texnikaya olan tələb təklifdən çoxdur».
S.Əliyev həmçinin qeyd edib ki, bu ilin sonunadək «Improtex Trucks & Buses» şirkəti 500 ədəd müxtəlif növ MAN avtomobili sifariş edib ki, artıq sifarişin 80%-i satılıb. İlin sonunadək isə qalan 20%-in asanlıqla realizə olunacağı gözlənilir: «İstisna olunmur ki, ilin sonunda MAN avtomobillərinin Azərbaycanda defisiti yaransın».
Konfransda çıxış edən «Improtex Trucks & Buses» MMC-nin satış sonrası direktoru Azər Şirməmmədov bildirib ki, mərkəz Avropanın ən müasir servis avadanlıqları ilə təchiz olunub. Servis mərkəzində təmir növündən asılı olaraq gün ərzində 120-150 avtomobili təmir etmək imkanı var: «Qeyd etmək lazımdır ki, 2006-cı ildə cəmi 30 avtomobilə, 2008-ci ilin yanvar-sentyabr ayları ərzində isə artıq 1 700 avtomobilə xidmət göstərilib. Hazırda servis mərkəzində 37 nəfər işçi çalışır, gələcəkdə isə işçilərin sayının 170-ə çatacağı gözlənilir».
Bakıda MAN avtomobil mərkəzinin açılmasından razı qaldığını bildirən «MAN Avtomobili Rossiya» MMC-nin baş direktoru Per Qustav Nilson bildirib ki, mərkəzin həm ərazi, həm də təchizatı yüksək səviyyədə təşkil olunub. Belə ki, sözügedən mərkəz MDB məkanında birinci və hələ ki yeganədir. P.Nilson həmçinin qeyd edib ki, MAN-ın Azərbaycanın yük və sərnişin avtomobilləri bazarında iştirak payı 70%-dir. Həmçinin bildirilib ki, MAN avtomaşınları hansı ölkədə (Almaniya, Türkiyə, Polşa, Avstriya) istehsal edilməsindən asılı olmayaraq, onların keyfiyyəti eynidir.
Tədbirdə çıxış edən «MAN Avtomobili Rossiya» şirkətinin baş direktorunun müavini Hakan Sundstrom əlavə edib ki, şirkət avtomobilləri sataraq işini bitmiş saymır. Belə ki, satılan avtomobillərə sonradan yüksək keyfiyyətli servis xidmətləri göstərilir: «Son 5 il ərzində bizim strategiya dəyişib. Belə ki, biz şəffaflıq yaratmışıq və beynəlxalq arenada uğurla fəaliyyətə başlamışıq».
Öz növbəsində «MAN Nutzfahrzeuge AG»nin Azərbaycan üzrə direktoru Sergey Xavkin bildirib ki, MAN avtomobillərinin satışına görə Azərbaycanı digər ölkələrlə müqayisə etmək çətindir və bu, satışın sürətlə yüksəlməsi ilə bağlıdır. Belə ki, son bir neçə ilə ərzində ölkədə satış həcmi 5 dəfə artıb və yaxın gələcəkdə bu rəqəmin daha 3 dəfə artacağı gözlənilir. «Cari ilin ilk 6 ayı ərzində MAN avtomobillərinin satışı 80% artıb. Ümumiyyətlə, analoji artım göstəriciləri heç bir başqa ölkədə müşahidə olunmayıb», - deyə S.Xavkin vurğulayıb.
Qeyd edək ki, 4 hektar sahəni əhatə edən MAN avtomobil satış və servis mərkəzinin inşası «Improtex Trucks & Buses» şirkəti tərəfindən maliyyələşdirilib. Mərkəzin tərkibinə ümumi sahəsi 9 min kv. metr təşkil edən 6 inzibati və servis binaları daxildir.
«Improtex» Şirkətlər Qrupuna daxil olan «Improtex Trucks & Buses» 2005-ci ildən fəaliyyət göstərir və artıq 2006-cı ildən etibarən Almaniyanın «MAN Nutzfahrzeuge» şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşı qismində çıxış edir. «Improtex Trucks & Buses» MMC dünyanın «Lufthansa» və BMW kimi tanınmış şirkətləri ilə də əməkdaşlıq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR