Beynəlxalq Maliyyə Korporasiyası: “Azərbaycanda sahibkarlıq sahəsində bir sıra problemlər mövcuddur”

Beynəlxalq Maliyyə Korporasiyası: “Azərbaycanda sahibkarlıq sahəsində bir sıra problemlər mövcuddur”
# 11 oktyabr 2008 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. “Azərbaycanın sahibkarlıq sahəsində bir sıra problemlər mövcuddur”. “APA-Economics”in məlumatına görə, bu fikirləri Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması Layihəsi”»nin rəhbəri Boris Devyak söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda biznes mühitinin öyrənilməsi zamanı bir sıra problemlər aşkara çıxıb. Belə ki, ölkədə təsərrüfat subyektlərinin beynəlxalq maliyyə bazarına çıxışın təmin olunması lazım olan səviyyədə deyil: “Bundan başqa, sahibkarların Azərbaycanın maliyyə bazarına daxil olmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsi zərurəti duylur”.

B. Devyak onu da bildirib ki, təsərrüfat subyektlərini həddən artıq çox dövlət qurumları tərəfindən yoxlanılması çox vaxt korrupsiyaya gətirib çıxarır, bundan başqa fəaliyyət üçün müxtəlif növ icazə və lisenziyaların alınması və digər problemlər mövcuddur. “Azərbaycanın özəl sektorunda həmçinin sertifikatlaşdırılma ilə də müəyyən problemlər var. Avropa İttifaqı ölkələrində də olduğu kimi, Azərbaycanda da sertifikatlar çox vaxt yoxlamalar aparılmadan verilir”.

Boris Devyakın sözlərinə görə, “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması layihəsi”nin icrasına ötən ilin sonlarında başlanılıb və bu günədək 1 800 şirkət arasında tədqiqat aparılıb, ölkənin özəl sektorunun hazırki vəziyyəti öyrənilib: “Bu ilin noyabr-dekabr aylarında IFC tərəfindən Azərbaycanda özəl sektorunun hazırki vəziyyəti ilə bağlı hesabat nəşr olunacaq ki, buraya Azərbaycan hökuməti üçün ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair tövsiyyələr öz əksini tapacaq. Layihənin əsas məqsədi Azərbaycanın özəl sektorunda mühitin yaxşılaşdırılmasıdır. Buna nail olmaq üçün IFC bir neçə istiqamətdə işlər aparacayıq. Belə ki, sahibkarlar üçün inzibati proseduraları sadələşdirmək niyyətindəyik”.

Qeyd edək ki, “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması Layihəsi” 2007-2012-ci illəri əhatə edir və onun icrası üçün 5 mln. ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu vəsaitin əsas hissəsini İsveçrə hökuməti, qalan hissəsini isə “bp” şirkəti və digər tərəfdaşlar ayırıblar. Layihə üzrə IFC-nin Azərbaycandakı əsas tərəfdaşı rolunda İqtisadi İnkişaf Nazirliyi çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR