Bakıda Avropanın tanınmış biznes sertifikatlaşdırma mərkəzinin təqdimatı keçirilib

Bakıda Avropanın tanınmış biznes sertifikatlaşdırma mərkəzinin təqdimatı keçirilib
# 17 oktyabr 2008 10:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün «European Business Competence Licence» Beynəlxalq Sertifikatlaşdırma Mərkəzi Azərbaycanda öz proqramının təqdimatını keçirib.
Mərkəzin beynəlxalq əlaqələr departamentinin rəhbəri Oksana Polyanskaya «APA-Economics»ə açıqlamasında bildirib ki, «European Business Competence Licence» (EBCL) Azərbaycanda biznesin idarə olunması üzrə sertifikatlaşdırma proqramının tətbiqinə başlayır.
O.Polyanskayanın sözlərinə görə, EBCL sertifikatı biznes idarəetmə sahəsində Avropada ən tanınan, Avropanın əksər şirkət və təşkilatları tərəfindən qəbul edilən sertifikatdır. Sertifikat biznes aləmində effektiv fəaliyyət, hər hansı struktur bölmənin idarəetmə qabiliyyəti, layihələrin inzibatı və maliyyə idarəetmə qabiliyyəti, beynəlxalq səviyyədə biznes-planların hazırlaması üzrə bilik və bacarıqları təsdiq edən sənəddir.
«European Business Competence Licence» Mərkəzi Vyanada yerləşir, sertifikatlaşdırma proqramları Avropanın 28 ölkəsində beynəlxalq və ya yerli dillərdə həyata keçirilir. Mərkəzin Azərbaycanda tərəfdaşı qismində «Allianz Group» konsaltinq şirkəti çıxış edir. Şirkətin direktoru Ulvi Ağayevin sözlərinə görə, Azərbaycanda UBCL həmçinin tədris proqramı kimi fəaliyyət göstərəcək, yəni istənilən şəxs öz iqtisadi və biznes biliklərindən və məqsədlərindən asılı olaraq, proqramın üç səviyyəsindən birini seçərək təlim keçə və sonra imtahan verərək müvafiq sertifikat ala bilər. «A» səviyyəsi minimal bazaya malik olan və ya heç bir iqtisadi biliklərə malik olmayan şəxslər üçün nəzərdə tutulur. «B» səviyyəsi iqtisadi sahələrdə çalışan, lakin biznes idarəetmədə öz səviyyəsini artmaq istəyən şəxslər üçün nəzərdə tutulub. «C» səviyyəsi isə şirkət və müəssisələrin top-menecerləri üçündür.
O.Polyanskayanın sözlərinə görə, Mərkəzin təcrübəsi onu göstərir ki, «A» səviyyəsinə tələbat daha çoxdur: «Burada işsizlər, tələbələr, öz peşələrini dəyişmək istəyənlər müraciət edir. Buna görə də bu təsnifata tədris (məsafədən tədris) və sertifikatlaşdırma üçün qiymət 180 manat təşkil edir. Digər təsnifatlar üçün qiymət daha yüksək (800 manatadək) nəzərdə tutulur».
Qeyd edək ki, tədris həm qiyabi, həm də əyani şəkildə aparılır. Əyani təlim üçün hazırda «Xəzər» Universitetin müəllimlərinin cəlb edilməsinə dair razılıq əldə olunub, həmçinin digər ali məktəblərlə də danışıqlar aparılır.
Sertifikatlaşdırma üzrə imtahan Azərbaycanda keçiriləcək, nəticələr isə Vyanaya göndəriləcək və müsbət cavab alanlar üçün birbaşa Avropadan müvafiq sertifikat göndəriləcək. Tədris bu ildən rus və ingilis, gələn ildən isə həm də Azərbaycan dillərində aparılacaq.
O.Polyanskaya qeyd edib ki, artıq EBCL sertifikatı Avropada işə qəbul etmədə, karyera artımında və top-menecmentin qiymətləndirilməsində əsas amil kimi qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR