Azərbaycanda Korporativ idarəetmə Məcəlləsi hazırlanır

Azərbaycanda Korporativ idarəetmə Məcəlləsi hazırlanır
# 20 oktyabr 2008 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı Qrupunun üzvü) Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün Korporativ idarəetmə Məcəlləsinin layihəsini hazırlayır. Bu barədə «APA-Economics»ə AİŞ-dən məlumat verilib.
«Məcəllənin tələblərinin icrası könüllü şəkildə həyata keçiriləcək. Lakin bu, sonda xarici investisiyaların cəlb olunması prosesində müsbət rol oynayacaq. Çünki gələcəkdə potensial xarici investorlar yerli şirkətləri məhz korporativ idarəetmə prinsiplərinin riayət olunması səviyyəsi əsasında qiymətləndirəcək», - deyə AİŞ-dən bildirilib.
Həmçinin qeyd olunub ki, hazırda Məcəllənin texniki təfərrüatları hazırlanır və sənədin artıq bu ilin sonunda və ya gələn ilin əvvəlində hazır olacağı gözlənilir.
Bundan başqa, AİŞ və IFC Azərbaycanda korporativ idarəetmənin monitorinqinin aparılmasına dair göstərişlər hazırlayıb.
Qeyd edək ki, hazırda IFC Azərbaycanda Korporativ İdarəetmə Layihəsini (AKİL) həyata keçir və artıq layihənin II fazasına start verilib. Layihəyə həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) dəstək göstərir. Layihədə tərəf müqabilləri rolunda isə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və AİŞ çıxış edir.
AKİL yerli şirkət və bankların korporativ idarəetmə təcrübələsini daha da təkmilləşdirəcək və portfel riskini azaldacaq. Bu, investisiya vasitəsi ilə ölkənin biznes və maliyyə sektorları inkişaf etdirilməsinə və ümumiyyətlə Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR