Azərbaycanın vergi orqanları son bir ayda 923 vergi ödəyicisində qanun pozuntusu aşkarlayıb

Azərbaycanın vergi orqanları son bir ayda 923 vergi ödəyicisində qanun pozuntusu aşkarlayıb
# 27 oktyabr 2008 13:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin sentyabrın 22-dən oktyabrın 19-dək keçirdiyi operativ nəzarət tədbirləri zamanı 923 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək onların barələrində müvafiq tədbirlər görülüb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu zaman 447 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 77 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 127 vergi ödəyicisi aşkar edilib, 143 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziyasız məşğul olması faktları müəyyənləşdirilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 20 vergi ödəyicisində 24 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 46 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 50 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub. Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 13 vergi ödəyicisində 252,6 manat dəyərində 301 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar tapılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR