Bakıda «Azərbaycan İxrac Kataloqu»nun təqdimatı keçirilib

Bakıda «Azərbaycan İxrac Kataloqu»nun təqdimatı keçirilib
# 27 oktyabr 2008 15:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Marketinq Cəmiyyəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) bu gün Bakıda «Azərbaycan İxrac Kataloqu»nun təqdimatını keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Marketinq Cəmiyyətinin prezidenti Rəhim Hüseynov bildirib ki, kataloq üzərində işlər bir il əvvəl başlanıb. Bura şəffaf işləyən şirkətlər barədə məlumatlar daxil edilib. Bankların da kataloqa maraq göstərdiklərini deyən R.Hüseynov layihəyə «Azercell», «Azersun Holding» kimi şirkətlərin və Azərbaycan Beynəlxalq Bankı, Avrasiya İnkişaf Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstək verdiklərini vurğulayıb.
«Kataloqda Azərbaycanın ixrac potensialı, həmçinin qeyri-neft sektoru ilə bağlı məlumatlar yer alıb. Ümid edirəm ki, növbəti sayda bu kataloqdakı şirkətlərin sayı artacaq», - deyə R.Hüseynov vurğulayıb.
R.Hüseynovun sözlərinə görə, kataloqun digər saylarında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən araşdırmalar yer alacaq.
Azpromo-nun ixracın təşviqi departamentinin direktoru Emil Əliyev isə qeyd edib ki, kataloq gələcəkdə digər sahələri də əhatə edəcək. Növbəti sayı isə gələn ilin ikinci yarısında işıq üzü görəcək.
Təqdimatda dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, layihədə iştirak edən ixracatla məşğul olan şirkətlərin təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, «Azərbaycan İxrac Kataloqu» Azərbaycan şirkətlərinin rəqabət qabiliyyətli məhsul və xidmətlərinin dünya bazarlarına çıxarılması, yeni xarici istehlak bazarları və tərəfdaşların tapılması ilə əlaqədar mövcud problemlərin həlli məqsədilə nəşr olunub. Kataloqda ixrac potensialına malik olan Azərbaycan şirkətlərinin iki dildə (ingilis və rus) beynəlxalq biznes aləminə təqdim olunması nəzərdə tutulub. Bu layihə çərçivəsində kataloq A4 formatında 3 min tirajla buraxılıb. Həmçinin, 2 min ədəd CD və on-line rejimində işləyən versiyası da hazırlanıb.
Kataloq Azərbaycanın diaspora, ictimai və dövlət təşkilatları, xarici ölkələrin, şirkətlərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri vasitəsilə yayılacaq, yerli və beynəlxalq sərgi və konfranslarda təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR