Sabah Azərbaycanda Beynəlxalq «Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri» Sərgisi başlayır

Sabah Azərbaycanda Beynəlxalq «Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri» Sərgisi başlayır
# 04 noyabr 2008 13:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Noyabrın 5-də Bakıda ilk dəfə olaraq I Xəzər Beynəlxalq «Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri» Sərgisi (CİPS) işə başlayacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə sərginin təşkilatçısı Böyük Britaniyanın «İTE Group» sərgi şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkətinin baş direktor müavini Bəhruz Hidayətzadə məlumat verib.
B.Hidayətzadənin sözlərinə görə, bu sərgi «İteca Caspian»ın Cənubi Qafqazda analoqu olmayan debüt layihəsidir. Bu sərgi Böyük Britaniyanın «İTE Group» şirkətinin xaricdə keçirdiyi layihələr sırasına daxildir. Analoji sərgilər Rusiya, Qazaxıstan və Özbəkistanda da keçirilir.
B.Hidayətzadə bildirib ki, sərgidə 9 ölkədən 29 şirkətin iştirakı gözlənilir. İştirakçılar siyahısında «Security Systems» (Azərbaycan), «Vidonet» (Rusia), «Hitas» (Türkiyə), «KC & SS» (Azərbaycan), «Yigit Elektronik» (Türkiyə), «AXİS Communications» (İsveç), CBC (Yaponiya), «Pelco» (ABŞ), «Tipas» (Litva) şirkətləri var.
Sərgidə daxil olmaya qarşı həyəcan sistemi, yanğın təhlükəsizliyi, mühafizə televiziyası, girişə nəzarət, terror əleyhinə mühafizə və axtarış-yoxlama aparatları, sənaye casusluğuna qarşı mübarizə sistemləri, məlumat və kompüter təhlükəsizliyi və s. məhsullar nümayiş olunacaq.
Noyabrın 7-də başa çatacaq sərgi çərçivəsində həmçinin ixtisaslaşdırılmış seminarların keçirilməsi də nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR