Azərbaycanda ilk dəfə mühafizə, təhlükəsizlik və xilasetmə vasitələrinin sərgisi keçirilir

Azərbaycanda ilk dəfə mühafizə, təhlükəsizlik və xilasetmə vasitələrinin sərgisi keçirilir
# 05 noyabr 2008 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda I Xəzər Beynəlxalq «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» Sərgisinin (CİPS) açılış mərasimi keçirilib. «APA-Economics»in məlumatına görə, Böyük Britaniyanın «İTE Group» sərgi şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkəti tərəfindən təşkil olunmuş bu sərgiyə 9 ölkədən 29 şirkət öz məhsul və xidmətlərini çıxarıb.
Sərginin açılışında çıxış edən Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Mədəd Quliyev müasir təhlükəsizlik texnologiyalarının Azərbaycanda tətbiqinin vacibliyini vurğulayıb. Belə bir sərginin ölkədə ilk dəfə keçirildiyini qeyd edən M.Quliyev gələcəkdə sərgiyə qatılan şirkətlərin sayının artacağına ümid etdiyini bildirib.
«İteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov isə sərginin debüt olduğunu və noyabrın 7-dək davam edəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, sərgidə «Security Systems» (Azərbaycan), «Vidonet» (Rusia), «Hitas» (Türkiyə), «KC & SS» (Azərbaycan), «Yigit Elektronik» (Türkiyə), CBC (Yaponiya), «AXİS Communications» (İsveç), «Pelco» (ABŞ), «Tipas» (Litva) və digər şirkətlər iştirak edir.
Sərgidə bombaların zərərsizləşdirilməsində istifadə olunan robotlar, virtual atış sistemləri, daxil olmaya qarşı həyəcan sistemi, yanğın təhlükəsizliyi, mühafizə televiziyası, girişə nəzarət, terror əleyhinə mühafizə və axtarış-yoxlama aparatları, sənaye casusluğuna qarşı mübarizə sistemləri, məlumat və kompüter təhlükəsizliyi və s. məhsullar nümayiş olunur.
Sərginin açılışında Azərbaycan Daxili İşlər, Fövqəladə Hallar, Müdafiə Sənayesi, Müdafiə nazirlikləri, Daxili Qoşunlar, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və s. qurumların nümayəndələri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR