Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilib
# 25 noyabr 2008 09:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Türkiyə Müstəqil Sənayeçilər və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes-forumu keçirilib. «APA-Economics»in məlumatına görə, biznes-foruma Türkiyədən 15, Azərbaycandan isə 25 şirkət və iş adamı qatılıb. Forumda əsasən Türkiyənin Konya vilayətində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər.
ASK-nın prezidenti Ələkbər Məmmədov bildirib ki, forumun keçirilməsində məqsəd Azərbaycan və Türkiyə iş adamları arasında ikitərəfli görüşlərin təşkil olunması, təcrübə mübadiləsi, birgə əməkdaşlıq imkanlarının araşdırılması, qarşılıqlı iqtisadi əlaqələrin yaradılması və ölkəyə xarici investisiyaların cəlb edilməsinə yardım etməkdən ibarətdir. Ə.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda 500-ə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və bu şirkətlərdə 5 minə yaxın Türkiyə, 30 minə yaxın Azərbaycan vətəndaşı çalışır. Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına ümumilikdə 2,8 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,7 mlrd. dollar təşkil edib. ASK prezidenti əlavə edib ki, ölkəmizdəki Türkiyə şirkətlərinin əksəriyyəti xidmət sektorunda, 30%-i isə ticarət sahəsində fəaliyyət göstərir.
ASK prezidenti Azərbaycan iş adamlarını Konya vilayətindəki azad iqtisadi zonalar, o cümlədən bu regionun iqtisadi potensialının maraqlandırdığını qeyd edib.
MÜSİAD-ın sədri, «Kayı Tes» şirkətinin rəhbəri Səlcuq Öztürk isə biznes-foruma qatılan şirkətlərin Azərbaycan iqtisadiyyatının müxtəlif sektorları ilə maraqlandıqlarını bildirib.
Daha sonra iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Qeyd edək ki, biznes-forumda iştirak edən Türkiyə şirkətləri inşaat, park, bağça, ev dekorasiyaları, avtomobil, avtoaksesuarlar və dizayn, alüminium profilləri, qapı-pəncərə, isitmə və soyutma sistemləri, maşın avadanlığı, izolyasiya, qida (un, makaron məmulatları, quru meyvə), pərakəndə satış, qızıl, gümüş və zinət əşyaları ticarəti, turizm, təbii qaz, elektrik enerjisi və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR