Azərbaycan gələn il iqtisadiyyatın qeyri-neft sektoru və regionların inkişafına diqqəti artıracaq

Azərbaycan gələn il iqtisadiyyatın qeyri-neft sektoru və regionların inkişafına diqqəti artıracaq
# 28 noyabr 2008 06:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iqtisadiyyatının inkişafı üçün 2009-cu ildə bir sıra tədbir həyata keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Nazirin sözlərinə görə, ilk növbədə əsas diqqət ölkənin qeyri-neft sektorunun inkişafına yönəldiləcək: «Bundan başqa, ölkənin regionlarının sosial-iqtisadi inkişafına da diqqət yetiriləcək. Əgər bu il ərzində regionların inkişafına 2 mlrd. manat vəsait ayrılmışdırsa, artıq gələn bu vəsaitin 2,3 mlrd. manat təşkil edəcəyi gözlənilir».
Ş.Mustafayev onu da qeyd edib ki, ölkə infrastrukturunun inkişafına (yol, qaz, su və s. mənbələrin yaxşılaşdırılması) 2009-cu ildə 3 mlrd. manat vəsait ayrılacaq.
«Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinə də diqqət yetiriləcək. Belə ki, bu sahənin inkişafında hər il təxminən 25% artım müşahidə olunur. Növbəti ildə isə artımın daha da yüksək səviyyədə olacağı gözlənilir», - deyə Ş.Mustafayev bildirib.
Nazirin sözlərinə görə, əgər bu il ərzində Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) ölkənin sahibkarlıq subyektlərinə 80 mln. manat vəsait ayrılmışdırsa, artıq gələn il ərzində bu istiqamət üçün 120 mln. manatın ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, Fonda ayrılan vəsaitin güzəştli kredit şəklində (maksimum illik 7%-lə) sahibkarlıq subyektlərinə verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı tərəfindən həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR