Azərbaycanda lisenziya almış Şaxta babaların əksəriyyəti paytaxtın mərkəzində fəaliyyət göstərəcək

Azərbaycanda lisenziya almış Şaxta babaların əksəriyyəti paytaxtın mərkəzində fəaliyyət göstərəcək
# 29 dekabr 2008 14:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yeni İl bayramında Bakı şəhərinin ictimai yerlərində Şaxta Baba fəaliyyəti göstərmək üçün 20-dək şəxsə lisenziya verilib. Bu barədə «APA-Economics»ə Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.
Ə.Bağırovun sözlərinə görə, lisenziya almış şəxslər Şaxta Baba fəaliyyəti ilə yanaşı foto çəkilişlər də apara biləcəklər.
Qeyd edək ki, Ticarət və Xidmət Departamentinin Milli Park istisna olunmaqla, paytaxtın digər ərazilərində Şaxta Baba fəaliyyəti göstərmək üçün lisenziya verir. Milli Parkda Şaxta Baba olmaq istəyənlər isə icazəni Dənizkənarı Bulvar İdarəsindən almalıdır.
Ə.Bağırov bildirib ki, Şaxta Babaların böyük əksəriyyəti Bakının mərkəzi ərazilərində fəaliyyət göstərmək üçün müraciət edib.
Xatırladaq ki, paytaxtın mərkəzində - Səbail rayonunda dekabrın 15-dən növbəti ilin yanvar ayının birinci həftəsinin sonunadək Şaxta Baba fəaliyyəti göstərmək üçün tələb olunan lisenziyanın qiyməti 72 manat, paytaxtın kənar əraziləri üçün isə 50 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR