Bakıda «Korporativ sosial məsuliyyətə dair fəaliyyətin ölçülməsi və hesabatlılığı» mövzusunda dəyirmi masa keçirilib

Bakıda «Korporativ sosial məsuliyyətə dair fəaliyyətin ölçülməsi və hesabatlılığı» mövzusunda dəyirmi masa keçirilib
# 12 yanvar 2009 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi «Korporativ sosial məsuliyyətə dair fəaliyyətin ölçülməsi və hesabatlılığı» mövzusunda Bakıda dəyirmi masa keçirib. «APA-Economics»in məlumatına görə, tədbirdə layihənin əlaqələndiricisi Tural Məmmədov geniş təqdimatla çıxış edib.
T.Məmmədovun sözlərinə görə, layihənin əsas məqsədi biznes icmasının cəmiyyətlə dialoquna, sosial tərəfdaşlıq və şəffaflığın təminatı vasitəsi ilə onlara inamın artırılmasına, həmçinin müntəzəm olaraq qeyri-maliyyə hesabatlılığının təminatına təşkilati, metodiki və informasiya yardımı göstərməkdir.
T.Məmmədov bildirib ki, menecerlər üçün sosial məsuliyyət yeni qərarların qəbulunda geniş imkanlar əldə etməklə yanaşı, müxtəlif departamentlər arasında üfüqi inteqrasiya əlaqəsi də yaradır. Sosial hesabatlılığın tətbiqi nəticəsində şirkətdə idarəetmənin keyfiyyəti və korporativ mədəniyyət artır, sosial fəaliyyət ümumi strategiyaya inteqrasiya olunur.
T.Məmmədovun sözlərinə görə, Azərbaycanda korporativ sosial məsuliyyət sahəsində mövcud vəsiyyət ürəkaçan deyil: «Ölkədə korporativ sosial məsuliyyətlə bağlı fəaliyyətin tənzimlənməsi istiqamətində normativ hüquqi baza zəifdir. Şirkətlər yalnız özlərinin şirkətdaxili normativ aktlarına uyğun fəaliyyət göstərir».
T.Məmmədov əlavə edib ki, layihə çərçivəsində biznes strukturları arasında keçirilmiş sorğunun nəticələrinə görə, əksər şirkətlərdə sosial hesabatların açıqlanması istiqamətində problemlər mövcuddur. Həmçinin, sorğu nəticəsində bəzi şirkətlərin korporativ sosial məsuliyyət siyasətində əsasən Qərb ölkələrinin təcrübəsinə müraciət olunduğu göstərilib. Ümumilikdə isə, sorğuda iştirak etmiş şirkətlər korporativ sosial məsuliyyət sahəsində fəaliyyətin inkişafında maraqlıdır.
Qeyd edək ki, layihənin icrasına 2008-ci ilin avqust ayında başlanılıb və 2009-cu ilin fevralında başa çatacaq. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası isə layihəyə maliyyə yardımı göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR