Ötən il Azərbaycanda 191 vergi cinayəti işi başlanıb

Ötən il Azərbaycanda 191 vergi cinayəti işi başlanıb
# 13 yanvar 2009 15:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən 2008-ci il ərzində vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 191 cinayət işi başlanıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu işlərdən 17-si bilavasitə Departamentə daxil olmuş əməliyyat məlumatları ilə bağlı toplanmış materiallar üzrə olub. İbtidai istintaqı tamamlanmış 118 cinayət işindən vergiləri ödəməkdən yayınmaya görə 53 iş, qanunsuz sahibkarlığa görə 7 iş, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satış məqsədilə əldə edilməsinə görə 5 iş və özgənin əmlakını mənimsəməyə görə 1 iş, cəmi 75 nəfər barəsində 66 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 36 cinayət işinə xitam verilib.
İstintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan cinayət işi başlanması rədd edilmiş üzrə materiallar üzrə 16,802 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub ki, bu da 2007-ci illə müqayisədə 2,2 dəfə çoxdur.
Vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 41 şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.
Daxil olmuş əməliyyat məlumatları və müraciətlər əsasında 122 şəxs haqqında araşdırmalar aparılaraq materiallar qanunvericiliyə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti vergi orqanlarına göndərilib. Cinayət işləri üzrə qəbul edilmiş qərarlara əsasən istintaqdan yayınan 129 şəxsin məcburi qaydada gətirilməsi və 27 şəxsin tutularaq Departamentin istintaq şöbəsinə təhvil verilməsi təmin edilib. Bundan əlavə, 360 şəxsin yeri müəyyən olunaraq istintaqa təqdim edilib. Vergi yoxlamalarından yayınan 62 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergilər idarələrinə təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR