Azərbaycan paytaxtında Korporativ İdarəetmə Məcəlləsinin hazırlanmasına dair beynəlxalq konfrans keçirilir

Azərbaycan paytaxtında Korporativ İdarəetmə Məcəlləsinin hazırlanmasına dair beynəlxalq konfrans keçirilir
# 14 yanvar 2009 10:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində Korporativ İdarəetmə Məcəlləsinin Azərbaycan şirkətləri üçün vacib olduğunu bildirən IFC-nin Bakı ofisinin başçısı Aliyə Əzimova qeyd edib ki, hazırda dünyada korporativ idarəetməyə və risklərin qiymətləndirilməsinə yenidən baxılır və Azərbaycan bu proseslərdən kənarda qalmır.
Tədbirdə çıxış edən Qlobal Korporativ İdarəetmə Forumunun rəhbəri Fill Armstronq vurğulayıb ki, Azərbaycanda keyfiyyətli korporativ idarəetmənin tətbiqi üçün beynəlxalq təcrübədən istifadə olunmalıdır: «Bizim qurum bu təcrübəni bir sıra ölkədə tətbiq edib və bu məsələ ilə bağlı Azərbaycana da yardım edəcəyik».
Konfransda çıxış edən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib ki, qlobal maliyyə böhranı nəticəsində bir sıra ölkədə artım tempi kəskin azalıb və dünya fond bazarlarının indeksləri təxminən 50% düşüb: «Hazırda bu kimi problemlərin aradan qaldırılması üçün səylər göstərilir. Lakin istisna olunmur ki, böhran nəticəsində bazardan bir sıra təsisatlar çıxacaq, bəziləri dəyişəcək və sözsüz ki, yeniləri gələcək».
R.Aslanlının sözlərinə görə, əgər Azərbaycanda keyfiyyətli korporativ idarəetmə olarsa, effektiv tənzimlənmə potensialı yaradıla bilər: «Yaxşı idarəçilik maliyyə böhranının aradan qaldırılmasına yardım edəcək».
QKDK sədri həmçinin qeyd edib ki, keyfiyyətli korporativ idarəetmənin tətbiqi üçün baza elementləri qanunlarla əhatə olunmalıdır və hazırlanan Məcəllə Azərbaycanda yaxşı korporativ idarəetmənin tətbiqinə təkan verəcək.
Tədbirdə çıxış edən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi korporativ idarəetmə şöbəsinin müdiri Sənan Tapdıqov bildirib ki, respublikada bir sıra şirkətin ümumiyyətlə korporativ idarəetmə sistemindən anlayışı yoxdur, həmçinin qanunvericilikdə bəzi boşluqlar mövcuddur: «Görülmüş işlər bu boşluqları aradan qaldıracaq. Könüllü şəkildə qəbul olunacaq Məcəllənin hazırlanmasında yerli müəssisə və şirkətlərin təklif və rəyləri vacib amillərdəndir».
Korporativ idarəetmənin vacibliyindən danışan İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Filipp Keller qeyd edib ki, korporativ idarəetmə şərtləri şirkətlərin işini yaxşılaşdıracaq və şəffaflığı artıracaq.
Tədbirdə çıxış edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkə üzrə koordinatorunun köməkçisi Pol Devis bildirib ki, keyfiyyətli korporativ idarəetmə ölkənin uzunmüddətli inkişafına yardım edə bilər: «Keyfiyyətli korporativ idarəetmə özəl investisiyaların cəlb olunmasına əlavə təkan verəcək».
Konfrans yanvarın 16-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə IFC tərəfindən hazırlanan Məcəllənin tələblərinin icrası könüllü şəkildə həyata keçiriləcək. Lakin bu, sonda xarici investisiyaların cəlb olunması prosesində müsbət rol oynayacaq. Çünki gələcəkdə potensial xarici investorlar yerli şirkətləri məhz korporativ idarəetmə prinsiplərinə riayət olunması səviyyəsi əsasında qiymətləndirəcək. İstənilən şirkət Məcəlləyə əməl edə biləcək. Məcəllədən imtina edən şirkətlər isə bunu əsaslandırmalı olacaqlar.
Xatırladaq ki, hazırda IFC Azərbaycanda Korporativ İdarəetmə Layihəsini (AKİL) həyata keçir və artıq layihənin II fazasına start verilib. Layihəyə həmçinin SECO dəstək verir. Layihədə tərəf müqabilləri rolunda isə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və AİŞ çıxış edir.
AKİL yerli şirkət və bankların korporativ idarəetmə təcrübəsini daha da təkmilləşdirəcək və portfel riskini azaldacaq. Bu, investisiya vasitəsi ilə ölkənin biznes və maliyyə sektorlarının inkişafına və ümumiyyətlə Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR